Evinizi daha isti saxlamağa kömək edəcək tədbirlər

    • Müəllif, Chris Baraniuk
    • Vəzifə, BBC Future

Azərbaycanda ilıq fevral günlərini yenə soyuq, qarlı havalar əvəzləyir: bu gündən etibarən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

Belə soyuq havalarda hər kəs isti ev arzulayır. Bəs evimizi necə isti edə bilərik?

BBC müxbiri Chris Baraniuk-un yazısı elə bu barədədir.

İngiltərənin paytaxtı Londonda tək yaşayan təqaüdçü Patsi Pope keçən qış isinməyə çalışarkən ayaqlarını və kürəyini vuran soyuq hava hiss edirdi. Yaşadığı sosial evin pəncərəsinin kənarlarından soyuq hava axını içəri daxil olurmuş. Həmin ilin dekabrında havanın temperaturu sıfır dərəcəyə enmişdi. Lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra enerji qiymətləri artdığından istilik xərcləri də şişmişdi.

İsti şeylərə bürünərək isinməyə çalışan Pope aidiyyətli qurumlara zəng etməli oldu. Yerli rəsmilər evdəki 6 sütunlu radiatorun arxasını sarıyacaq folqolarla evə gəldilər: bu folqalar havanın evə daxil olmasını, içəridəki istiliyin çölə çıxmasını əngəlləməliydi.

İçəridəki temperaturun nə qədər dəyişdiyini dəqiq bilməyən, lakin fərqi hiss edən Pope deyir: “Bura həqiqətən çox isti idi. İçəri girən soyuğu hiss edə bilməzdiniz. Sanki istilik içəridə saxlanılırdı”.

Onun bu məsələdə təcrübəsi bəzi sadə üsullarla evin içərisində temperaturun necə artırıla biləcəyini göstərir. Sosial şəbəkələrdə belə məsləhətlər verən onlarla video var.

Bununla belə, “insanlar hansı üsulu seçməlidirlər və niyə" sualına uyğun az elmi məlumat var. Bundan başqa, tez-tez xatırlanan bəzi, məsələn, otağı şamlarla qızdırmaq kimi fikirlər də təhlükəli ola bilər. Əlbəttə, soyuq iqlim şəraitində, qışda istilik sisteminə sahib olmamaq tövsiyə edilmir. Bununla belə, sözügedən sistemin səmərəliliyini bir qədər artırmaq mümkündür.

Böyük Britaniya da daxil olmaqla, bir çox ölkələrdə enerji yoxsulluğu da artan problemdir. Enerji yoxsulluğu ilə mübarizə aparan bir təşkilat olan End Fuel Poverty Coalition, keçən il İngiltərədə təxminən 5 min insanın soyuq evlərində öldüyünü təxmin edir. Bu rəqəmlər əvvəlki qışla müqayisədə təxminən 50 faiz artım deməkdir.

ABŞ-da Enerji İnformasiya İdarəsi bildirir ki, ev təsərrüfatlarının 27 faizi enerji sabitsizliyindən əziyyət çəkir ki, bu da təxminən 34 milyon ev təsərrüfatına bərabərdir.

Qənaətli isitmə üsulları və qənaət etməyin yolları haqqında bilməli olduğumuz məlumatları bir araya gətirmişik.

Evi isti saxlamaq üsulları

“Bu ucuz və ya pulsuz üsullardan bəziləri haqqında kifayət qədər məlumat yoxdur”, - Qlobal innovasiyaları dəstəkləyən, Böyük Britaniyada yerləşən Nesta fondunun davamlı gələcəklər üzrə direktor müavini Katy King deyir. Keçən il Nesta insanların, məsələn, radiatorların arxasına folqa qoymaq və ya pəncərələrə plyonka çəkməklə əldə edə biləcəyi kilovat-saat qənaətini hesablayıb.

Tipik bir Britaniya evinin enerji istehlakında gözlənilən dəyişikliyə əsaslanan bu rəqəmlər göstərir ki, kombidən radiatorlara gedən suyun temperaturunu 60°C-yə qədər endirilməsi ildə 43 funt-sterlinq (55 dollar) qənaət edəcək. King deyir ki, kombi suyunun temperaturu daha da aşağı salınarsa, bu qənaət artacaq.

Pəncərə plyonkaları da əksər evlərə 40 funt sterlinqə (51 dollara) qədər qənaət edə bilər. Bu rəqəmlər Böyük Britaniyada 2023-cü ilin payızında enerji xərclərini əks etdirir. Lakin ABŞ Enerji Departamentinin ehtimalına görə, pəncərələrdən keçən istilik binaları qızdırmaq və soyutmaq üçün istifadə olunan enerjinin təxminən 25-30 faizini təşkil edir.

Ancaq Nesta-nın araşdırması göstərir ki, radiatorların arxasına folqa qoymaqla o qədər də qənaət əldə edilmir. Bu, yalnız qaz və ya yanacaq istilik sistemləri olan evlərdə xarici izolyasiya edilmiş divarlarda işləyir. Bununla belə, içəri sızan soyuq havanın azaldılmasına xeyli təsiri ola bilər.

Həmçinin hesab edilir ki, termostatda temperaturu 20°C-dən 19°C-yə endirməklə 100 funt-sterlinqdən (127 dollardan) artıq qənaət etmək olar. Evdə isti geyim də ilboyu xərcləri azalda bilər.

Tədqiqatlar göstərir ki, pulsuz və ya ucuz tədbirlər vasitəsilə il ərzində bir neçə yüz funt-sterlinqə qənaət etmək olar.

Pul qənaət etməyin bir çox başqa yolları da var. Məsələn, isitməni yaxşılaşdırmağın yaxşı bir üsulu da radiatorların ventilyasiyasıdır.

Dayanıqlı Enerji Mərkəzinin yanacaq yoxsulluğu üzrə məsləhətçisi Elliot Clark deyir ki, duşda keçirdiyiniz vaxtı da nəzərə almalısınız. Xüsusilə, duşunuzun suyu elektriklə qızdırılırsa. İngiltərədəki cari orta enerji qiymətləri ilə 10 dəqiqəlik isti duşun qiyməti təxminən 50 pens (64 sent) ola bilər.

Amma bu, o qədər də böyük məbləğ deyil. Ancaq, məsələn, siz üç nəfərinizsə, 365 günə vurulanda, bu xərc ildə təxminən 550 funt sterlinq (700 dollar) təşkil edir. Clark deyir ki, duş vaxtınızı dörd dəqiqəyə endirərək, bu xərcləri yarıdan çox azalda bilərsiniz.

Böyük Britaniyada yerləşən The Heating Hub-da müstəqil məsləhətçi olan Jo Alsop hava sızmasını azaltmağın nə qədər vacib olduğunu vurğulayır. Öz qonaq otağından açıq kamini çıxarıb gözəl nəticələr əldə etdiyini vurğulayan Alsop deyir: “Bu mənim qonaq otağımı dəyişdi. Evin bütün isti havasını sovururdu”.

Clark həmçinin xarici divarlardakı boruların ətrafındakı dəlikləri də yaxşıca tutmağı tövsiyə edir. Qalın pərdələr və qapının altındakı süngərlər də bu mənada çox faydalıdır. Bununla belə, aspirator çıxışlarını bağlamamaq vacibdir.

İnsanlar tez-tez deyirlər: "Otağı deyil, insanı qızdırın". Xərcləri azaltmaq üçün termal geyim və elektrik yorğanları da tövsiyə oluna bilər. Lakin Energy Systems Catapult qeyri-kommersiya təşkilatının əməkdaşı Rose Chard deyir ki, siz hələ də soyuq hava ilə nəfəs alacaqsınız, bu da potensial zərərlidir: "Bu, tənəffüs simptomlarına təsir edə bilər".

Bundan başqa, soyuq divarlar və pəncərələr kondensat üçün və buna görə də kif üçün maqnit rolunu oynayır. Qara kif isə olduqca zərərlidir. Evə kif düşdükdən sonra onu aradan qaldırmaq çətindir.

İngiltərədəki Şeffild Hallam Universitetindən Aimee Ambrose deyir: "Biz insanları istilik sistemlərindən istifadə edə biləcəkləri bir mövqeyə gətirmək istəyirik. İstiliyin əvəzi olmamalıdır".

“Biz insanları elə bir vəziyyətə gətirmək istəyirik ki, onlar istilik sistemlərindən istifadə edə bilsinlər. İsinm.ni heç nə ilə əvəz edilə bilməz”, - İngiltərədəki Sheffild Hallam Universitetindən Aimee Ambrose deyir.

Ambrose bəzən televiziyada və filmlərdə görünən bəzi üsulların da təhlükəli olduğunu vurğulayır. Məsələn, o xəbərdarlıq edir ki, isinmək üçün şam yandırmaq yanğına səbəb ola bilər.

Mənzil və enerji xərclərinin insanların gəlirlərinə nisbətən daha yüksək olduğu ölkələrdə soyuq evlər daha çox insan üçün problem ola bilər. Belə olan halda, istilik sisteminizin işini yaxşılaşdırmaq üçün aşağı qiymətli tədbirlər də daha az mümkün olmağa başlayır.

Antoine Rassasse qonşuları ilə Londonda yaşayır. Hal-hazırda iş axtarır. "Heç kim işsiz qalmaq istəmir", - deyir. Onların sosial müdafiə fondları hər ay yalnız onların hesablarını ödəyir. O, bankdakı mənfi hesabı vasitəsilə dolanmağa çalışır. Amma onun mənzilində soyuqdur. Yataq otağının bir pəncərəsi var. O və ev yoldaşları hər gün yalnız bir neçə saat istiliyi yandıra bilirlər. Onlar jalüzləri bağlı saxlayır və evi isti saxlamaq üçün üst-üstə isti paltar geyinirlər.

“Mən özümü artıq evdə isti hiss etmirəm, sanki özümü çöldə hiss edirəm. Bu, dəhşətli hissdir", - deyir.

Rassasse keçən il BBC-də qənaətli istilik üsullarını müzakirə edən proqrama baxdığını xatırlayır. Lakin o, kirayədə qaldığı evdə həddindən artıq dəyişiklik etməkdən çəkindiyini bildirir. Üstəlik, pəncərə plyonkası kimi şeylərə xərcləməyə çox az pulu var. “Pulum olsaydı, əlbəttə ki, daha çox sərmayə qoyardım”, - deyir.

Buna görə də, bu cür tədbirlər istilik sistemlərindən istifadə edə bilən insanlar üçün, orta səviyyədə olsa belə, xərcləri azaltmağa imkan verir.

İstilik xərcləri enerji xərclərini ödəmək üçün pensiyasına ümid edən Pope üçün qorxulu olaraq qalır. Bu, onun üçün qeyri-adi haldır. İşlədiyi müddətdə heç vaxt belə çətinliklərlə qarşılaşmayıb. O, köməyə görə yerli bələdiyyəyə minnətdardır. Lakin Pope daha böyük müdaxilə lazım olduğunu deyir. O, isitmənin insan hüququ olduğunu iddia edir.

“Həssas təbəqələr, pensiyaçılar, əlillər, azyaşlı uşaqlar üçün daha çox iş görülməlidir”, - deyir.