Azərbaycanın bağlı sərhədləri qonşularını narazı salıb
Nazirlər Kabinetinin qərarına görə, Azərbaycanın quru sərhədləri 2026-cı ilin aprelinə kimi bağlı qalacaq.
Bununla quru sərhədlərin bağlı olması 6 ilə çatacaq.
Sərhədlər 2020-ci ilin martından pandemiya əsas gətirilərək bağlanmışdı.
Sərhədlərin bağlı olmasına sosial mediada çoxlu narazılıqlar olub, keçən il sərhədyanı kəndlərdə etdiyimiz sorğularda da sakinlər şikayət ediblər.
Həm də Azərbaycana qonşu ölkələrdən də narazılıqların ifadə edənlər olub.
İranın Xarici İşlər Naziri Abbas Əraqçi deyib ki, Azərbaycanla quru sərhədinin açılması ikitərəfli münasibətlərdə əsas məsələ olaraq qalır.
O bildirib ki, həm prezidentlərin, həm də XİN başçılarının görüşündə İran tərəfi bu məsələni qaldırıb və hələ də Azərbaycandan cavab gözləyir, İran hökumətinin saytı yazır.
2024-cü ildə Gürcüstanın İqtisadiyyat Nazirliyi bildirib ki, Azərbaycanla quru sərhədinin bağlanması səbəbindən Gürcüstan 400 milyon dollar zərər edib.
2024-cü ildə Gürcüstanın Xarici İşlər Naziri olan İlya Darçiaşvili deyib ki, əgər Azərbaycan sərhədlərin açılması qərarı versə Gürcüstan bunu alqışlayar.
Milli Məclisin komitə sədri Zahid Oruc yerli mətbuata deyib ki, müharibə olan ölkələrdən yüz minlərlə insan quru sərhədləri açıq olan Gürcüstan və Ermənistana axın edib.
"Əgər bizim sərhədlər açıq olsaydı, xüsusilə İsrail–İran qarşıdurması dövründə yüz minlərlə insanın, – o cümlədən soydaşlarımızın – Azərbaycan ərazisinə kütləvi axını ilə üzləşə bilərdik".
Ancaq nə Gürcüstan, nə də Ermənistan, nə də İranla bir neçə quru sərhəd keçidi olan Türkiyə İsrail–İran müharibəsi dövründə kütləvi axınla üzləşməyib.
Prezident İlham Əliyev də sərhədlərin bağlı saxlanılmasını təhlükəsizlik ilə əlaqələndirmişdi.
"Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq", - Prezident demişdi.
Azərbaycanda rəsmi şəxslər quru sərhədlərin bağlı olmasını təhlükəsizliklə əlaqələndirsələr də, onlar təhlükənin, risklərin nələrdən ibarət olduğunu aydınlaşdırmayıblar.



