Qadınlar niyə daha tez-tez sidik yolu infeksiyasına tutulur?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Rebecca Thorn
- Vəzifə, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Sidik yolu infeksiyası qadınların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər.
Çox tez-tez sidiyə çıxmaq istəyirsiniz, amma gedəndə heç nə gəlmir? Sidiyə gedərkən, yanma hissi yaşayırsınız?
Bunların hamısı sidik yolu infeksiyasının (SYİ) xəbərçisi ola bilər və yaşadığınız ağrı dözülməz ola bilər.
Dünya üzrə hər il təxminən 400 milyon insanın SYİ keçirdiyi hesab olunur.
İnfeksiya həm kişilərə, həm qadınlara, həm də uşaqlara təsir etsə də, ən çox qadınlarda müşahidə olunur.
Dünya üzrə qadınların yarısı həyatlarının bir dövründə SYİ-ə tutulur.
Mikrobların müqavimətinin artdığı bir dünyada, SYİ-lərin qlobal miqyasda ən yayğın infeksiyalardan biri kimi effektiv müalicəsini təmin etmək suallar doğurur.
Bu mövzuda nələri bilmək və qarşısını almaq üçün nə etmək lazım olduğunu öyrənmək üçün bəzi ekspertlərlə danışdıq.
İnfeksiyaya nə səbəb olur?
SYİ adətən uretra (sidik çıxan boru), bladder (sidik kisəsi) və bəzi ciddi hallarda böyrəklərdə müşahidə olunur.
Ən çox uretra vasitəsilə sidik yoluna daxil olan bakteriyalar səbəb olur.
E.coli kimi bakteriyalar, adətən, rektumun içindən və ətrafından gəlir.
Qadınlar və qız uşaqları SYİ-ə daha meyillidir, çünki onların uretrası kişilərin uretrasından daha qısadır və bu, bakteriyaların sidik yoluna daxil olmasını asanlaşdırır.
Menopoz sonrası qadınlarda da östrogen səviyyəsinin azalması səbəbindən SYİ riski daha yüksəkdir.
Bu hormon, adətən, vaginal bölgədə sağlam bakteriya balansının qorunmasına kömək edir. Yəni azalması insanı infeksiyaya qarşı daha həssas edir.
Əlamətləri nələrdir?
SYİ əlamətləri şəxsdən şəxsə dəyişir, lakin İngiltərənin Milli Sağlamlıq Xidmətinə görə ən yayğın əlamətlər bunlardır:
- Sidiyə gedərkən ağrı və ya yanma hissi
- Birdən-birə və ya əvvəlkindən daha tez-tez sidiyə getmək ehtiyacı
- Bulanıq sidik və sidikdə qan
- Qarının aşağı hissəsində və ya kürəyin qabırğaların altında ağrı
- Yüksək hərarət, isti-soyuq hissi və titrəmə
- Yorğun və ya halsız olmaq
Yaşlı SYİ xəstələri həyəcan və ya çaşqınlıq kimi davranış dəyişiklikləri göstərə bilər. Uşaqlarda isə yatağı islatmaq və qusma SYİ əlaməti ola bilər. SYİ-nin müalicəsində əsas üsul antibiotiklərdir

Şəklin mənbəyi, Getty Images
İnfeksiya öz-özünə keçə bilərmi?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Londondakı Whittington Hospital-da Urojinekologiya üzrə mütəxəssis olan Dr. Rajvinder Khasriya bildirir:
"Bəzi qadınlarda heç bir müalicəyə ehtiyac olmur və onların immun sistemi SYİ-ni həll edəcək. Bəzi qadınlar isə antibiotikə ehtiyac duyacaq".
Niyə bəzi insanlar bu iki kateqoriyadan birinə düşür, hələ də tam başa düşülmüş deyil.
Mikrobların müqavimətinin artdığı bir dünyada, bu, tədqiqatçılar arasında vacib bir sualdır.
SYİ antibiotik tələb edən xəstəliklər sırasında ön sıradadır və məqsəd, antibiotik tələb etməyən bir müalicə tapmaqdır.
Dr. Katherine Keenan Şərqi Afrikada - Tanzaniya, Keniya və Uqanda da daxil olmaqla - dərmana davamlı SYİ-ləri araşdırıb.
Bir tibbi klinikaya gələn və sidikləri analizə göndərilən insanların təxminən yarısında bir neçə dərmana davamlı infeksiya müşahidə olunub.
Qadınların simptomlarını dostları ilə paylaşmasını və ya lazımi müalicə almasını utanc və tabular da əngəlləyə bilir.
Dr. Keenan bunu belə izah edir:
"Simptomların ortaya çıxa biləcəyini düşündükləri üçün gizlədə bilirdilər. Çünki bunun cinsi yolla keçən xəstəliklə əlaqəli ola biləcəyini, ya da partnyorlarından keçdiyini və bunun onların xəyanət etdiyini düşündürə biləcəyini fikirləşirdilər".
"'Bədənimdə nə baş verir bilmirəm, vəziyyətim pisləşib' kimi sözlər deyən insanlar da vardı."
Global Disease Burden tədqiqatına görə, SYİ xəstələrinin 50 faizdən çoxu anksiyete və depressiya kimi psixoloji problemlər də yaşayır.
SYİ yoluxucudurmu?
SYİ yoluxucu xəstəlik kimi təsnif edilsə də, əslində yoluxucu deyil və cinsi yolla keçən xəstəlik də deyil.
Lakin cinsi əlaqə bakteriyaları rektumdan uretraya daşıya bilər və SYİ riskini artıra bilər.
Milli Sağlamlıq Xidməti uretraya daxil olmuş, ola biləcək bakteriyaları təmizləmək üçün cinsi əlaqədən sonra mümkün qədər tez sidiyə getməyi tövsiyə edir.
Təkrarlanan SYİ hallarında, həkimlər cinsi əlaqədən dərhal sonra götürəcəyiniz bir doza antibiotik verə bilər. Həkimlər sidik nümunənizi yoxlamaq üçün tələb edə bilər.
SYİ diaqnozu necə qoyulur?

Şəklin mənbəyi, Getty Images
Xəstənin sidik nümunəsi test üçün laboratoriyaya göndərilir və burada sidiyin hansı bakteriyaları böyütdüyünə baxılır.
Həkim bu nəticəyə əsaslanaraq xəstəni müalicə etmək üçün ən uyğun antibiotiki təyin edir.
Lakin bəzi mütəxəssislər xəbərdarlıq edir ki, SYİ üçün bakteriya testləri artıq köhnəlmiş sayılır və həkimlər xəstənin simptomlarını və tibbi tarixçəsini də nəzərə almalıdır.
Sidik bakteriya testi 1950-ci illərdə Edward Kass adlı elm adamı tərəfindən inkişaf etdirilmişdi; o, bunu böyrək infeksiyası olan piyelonefrit xəstəsi olan hamilə qadınlardan əldə etdiyi məlumatlara əsaslanaraq hazırlamışdı.
Dr. Khasriya bildirir:
"Biz eyni standartı götürdük və hamilə olmayan qadınlara, hər yaşdan qadınlara, kişilərə, uşaqlara, gənclərə, hər cür insana tətbiq etdik."
Gilas şirəsinin SYİ-lərdə faydalı olub-olmaması ilə bağlı müxtəlif tədqiqatlar fərqli nəticələr göstərib
Xroniki SYİ-nın qarşısı necə alına bilər?

Şəklin mənbəyi, Getty Images
Bir təxminə görə, ən az bir dəfə sidik yolu infeksiyası keçirmiş qadınların 25 faizində infeksiya altı ay ərzində ən az iki dəfə və ya ildə üç dəfə təkrarlana bilər.
Bəzən daha çox təkrar hallara da rast gəlinir.
Zoğal ekstraktının hamilə olmayan sağlam qadınlarda təkrarlanan SYİ-lərin qarşısını almağa kömək edə biləcəyinə dair bəzi sübutlar olsa da, digər tədqiqatlar heç bir fayda göstərməyib.
SYİ-lərin qarşısını almaq üçün Milli Sağlamlıq Xidməti insanlara aşağıdakıları tövsiyə edir:
- Tuvaletə getdikdə ön tərəfdən arxaya doğru silin
- Genital bölgəni təmiz və quru saxlayın
- Gün ərzində mütəmadi olaraq sidiyə gedin və susuz qalmamaq üçün çoxlu maye, xüsusən su için
- Cinsi əlaqədən əvvəl və sonra vagina ətrafındakı dərini su ilə yuyun
- Cinsi əlaqədən sonra mümkün qədər tez sidiyə gedin.
- Əgər çirkli olubsa, uşaq bezlərini və ya sidik tutma pedlərini dərhal dəyişdirin
- Pambıq alt paltarları geyinin
Xroniki SYİ nədir?
Təkrarlanan sidik yolları infeksiyalarından əlavə, insanların hər gün sidik yolları infeksiyası simptomları ilə qarşılaşdıqları xroniki sidik yolları infeksiyaları (bəzən uzunmüddətli və ya gizli sidik yolları infeksiyaları adlanır) haqqında məlumatlılıq artır.
Tədqiqatlar göstərir ki, bəzi hallarda bakteriyalar sidik kisəsinin selikli qatına hücum edə və bədənin öz hüceyrələrinin içində gizlənə bilir.
Bakteriyalar həmçinin sidik kisəsi divarına yapışa və biyofilm adlanan qoruyucu təbəqə altında gizlənərək bədənin immun cavabından və antibiotiklərdən qaça bilirlər.
Bir şəxsin təkrarlanan və ya xroniki SYİ-ni necə və niyə inkişaf etdirdiyi Dr. Khasriya və digər tədqiqatçıların cavab tapmağa çalışdığı sualdır.
SYİ mövzusunda kifayət qədər tədqiqatın aparılmadığını və çox məlumat çatışmazlığı olduğunu qeyd edən doktor bildirir:
"Qadın sağlamlığı üzrə kifayət qədər tədqiqat yoxdur."







