Baş Prokurorluq: "Ukraynada döyüşmək ağır cinayətdir"
Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaradır. Bunu Azərbaycanın Baş Prokurorluğu dekabrın 29-da vətəndaşlara müraciətində deyib.
Qurum bildirib ki, son dövrlərdə bəzi vətəndaşların əsasən Rusiya-Ukrayna müharibəsində iştirak etdiyi müşahidə olunur.
Son vaxtlar sosial şəbəkələrdə Rusiya-Ukrayna müharibəsində itkin düşdüyü deyilən və ya bu müharibədə öldüyü iddia edilən şəxslərin fotoları paylaşılır.
Bu paylaşımların birində bu müharibədə yaxınını itirən bir nəfər onun şəklini paylaşaraq, sosial media istifadəçilərindən onun tapılması üçün kömək istəyir.
Başqa bir paylaşımda isə Rusiya-Ukrayna müharibəsində öldüyü deyilən şəxsin yaxınları axtarılır.
Baş Prokurorluq da Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı və ölüm hallarını təsdiqləyib. Bildirib ki, artıq cinayət məsuliyyətə cəlb edilənlər də var.
Baş Prokurorluq bildirib ki, bu cür silahlı münaqişələrdə iştirak etmiş şəxslərə qarşı 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub.
Lakin Baş Prokurorluq Rusiya-Ukrayna müharibəsində ölən və ya itkin düşən və münaqişədə iştiraka görə məsuliyyətə cəlb olunan Azərbaycan vətəndaşlarının sayı barədə rəsmi məlumat verməyib.



