You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Samvel Şahramanyan separatçı “DQR”-in yeni “prezidenti” oldu – Bakı ilə danışıqlar bərpa olunacaqmı?
Tanınmamış “Dağlıq Qarabağ Respublikası"nda şənbə günü keçirilən seçkilərdə keçmiş “dövlət naziri” Samvel Şahramanyan “parlamentdə” 23 səsdən 22-ni toplayaraq “prezident” seçilib, Ermənistan mediası yazıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Qarabağda keçirilən “prezident seçkiləri” Azərbaycan qanunlarının, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin “kobud şəkildə pozulması” faktıdır.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə şənbə günü regiondakı son vəziyyəti müzakirə edən Ceyhun Bayramov bu addımın bölgədə “normallaşma və erməni sakinlərin reinteqrasiya edilməsi səylərinə ciddi zərbə” vurduğunu bildirib, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Ermənistan mediasının yazdığına görə, Qarabağın yeni “prezidenti” Samvel Şahramanyan bu ilin martında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında baş tutan görüşdə erməni icmasını təmsil edən şəxslərdən biri olub. Həmin vaxt o, separatçı qurumun “təhlükəsizlik naziri” vəzifəsini icra edirdi.
"Parlament"də səsvermədən əvvəl çıxış edən Samvel Şahramanyan bildirib ki, “Dağlıq Qarabağ status almalıdır və Laçın dəhlizi vasitəsilə Ermənistanla birbaşa əlaqələrə malik olmalıdır”, "DQR parlamentinin" saytında qeyd olunub.
“Digər yollar da açıla bilər, lakin dəhlizi heç nə əvəz edə bilməz”, - Samvel Şahramanyan deyib.
Nazir Ceyhun Bayramov dünya ictimaiyyətini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.
Avropa İttifaqı Qarabağda keçirilən seçkiləri tanımadığına dair bəyanat yayıb.
Qurumun yaydığı bəyanatda bildirilib ki, “Avropa İttifaqı Xankəndi/Stepanakert-də sentyabrın 9-da keçirilən “prezident seçkilərini” konstitusiya və hüquqi çərçivədə tanımır".
“Eyni zamanda Avropa İttifaqı inanır ki, Qarabağ ermənilərinin de-fakto lider ətrafında birləşərək Bakı ilə nəticəyə yönəlik müzakirələr aparması vacibdir. Aİ bu prosesi dəstəkləməyə davam edəcək”, - bəyanatda qeyd olunub.
Siyasi təhlilçi Fərid Şəfiyev hesab edir ki, Qarabağda separatçıların özlərinə kimi "prezident" seçməsindən asılı olmayaraq, Bakının yanaşması dəyişməyəcək.
“Bakını maraqlandıran əsas məqam bütün inzibati ərazilərdə Azərbaycan qanunlarının bərpa edilməsidir və buna pillə-pillə nail olacaq. Hazırda separatçılar arasında Ağdam-Xankəndi yolunun açıb-açmamaqla bağlı fikir ayrılığı mövcuddur və böhran yaşanır. Amma Bakı həmişə dialoqa hazır olduğunu və təkliflər göndərdiyini bəyan edib”, - təhlilçi BBC Azərbaycancaya deyib.
Bununla belə, Fərid Şəfiyev hələlik prosesin necə inkişaf edəcəyini deməyin çətin olduğunu da vurğulayıb.
Arayik Harutyunyan istefa verdi, lakin o, “sabitlik və möhkəm ictimai asayiş" üçün Qarabağda qalacaq
Cümə günü separatçı “Dağlıq Qarabağ Respublikasının” rəhbəri Arayik Harutyunyan istefa ərizəsini “Artsax Milli Məclisinə təqdim edib", Ermənistan mediası yazıb.
Arayik Harutyunyan cümə axşamı günü öz Facebook sosial media hesabında istefasını cümə günü “Artsax xalqına və Milli Məclisinə təqdim edəcəyini” açıqlamışdı.
O, həmçinin dəyişiklərin vacibliyini və bunun üçün “özündən başlamalı olduğunu” qeyd etmişdi.
"Bu gün dünyada mövcud olan qeyri-sabit geosiyasi vəziyyət, regional hadisələr... Artsaxda və ətrafında baş verənlər, Artsaxın daxili siyasi və sosial atmosferi birbaşa yanaşma və addımların dəyişdirilməsinə, çeviklik nümayiş etdirilməsinə ehtiyac olduğunu göstərir. Yuxarıda göstərilənlərə nail olmaq üçün Artsaxda məndən başlayaraq əsas fiqurları dəyişmək lazımdır”.
O, dövlət naziri Qurqen Nersisyanı da işindən azad edib. Onun yerinə "daha geniş səlahiyyətlərə malik olmaqla" Təhlükəsizlik Şurasının başçısı Samvel Şahramanyanı təyin edib.
Arayik Harutyunyan istefasından sonra ailəsilə birlikdə Artsaxda yaşamağa davam edəcəyini açıqlayaraq, bu addımının qondarma respublika daxilində “sabitliyin və möhkəm ictimai asayişin təmin edilməsinə yönəldiyini” vurğulayıb.
Araik Arutyunyan 2020-ci ilin martında qondarma "Dağlıq Qarabağ Respublikasının Prezidenti" olub.
2020-ci ilin payızında Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Qarabağda və Ermənistanda bir çox siyasi qüvvələr hərbi əməliyyatların uğursuz nəticəsinə görə məsuliyyət daşıdığını iddia edərək, Harutyunyanın istefasını tələb ediblər.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ ətrafındakı əraziləri özünə qaytarıb, bundan sonra Rusiya, Ermənistan və Azərbaycan arasında razılaşmaya əsasən, bölgədə "etnik ermənilərin təhlükəsizliyinə zəmanət" olaraq Rusiya sülhməramlıları yerləşib.
Bundan sonra nə olacaq?
Famil İsmayılov
BBC-nin Rusca Xidmətinin xəbər redaktoru
Araik Harutyunyanın vəzifədən getməsi Qarabağ ermənilərinin liderləri arasında ikinci səs-küylü istefadır.
İlin əvvəlində tanınmamış "respublika"nın Baş naziri, gözlənilmədən Qarabağda peyda olmuş rusiyalı milyarder Ruben Vardanyan vəzifədən getməli oldu.
BBC-yə müsahibəsində Vardanyan Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən boyun qaçıraraq, bəyan etmişdi ki, o, Azərbaycanla "yalnız bərabərhüquqlu müstəqil dövlət (Azərbaycan da Ermənistan kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nı tanımır) kimi danışıq aparmağa razıdır. Harutyunyan da onunla eyni mövqedə idi.
Qarabağ ermənilərinin rəhbərliyinin dəyişməsinin bu mövqeyi nə qədər dəyişəcəyini demək çətindir.
Mart ayında Azərbaycan tərəfi ilə danışıqları aparan işçi qrupuna Samvel Şahramanyan rəhbərlik edib.
Azərbaycan ermənilərə qarşı öz hərbi üstünlüyündən fəallıqla istifadə etməklə onları Qarabağın Azərbaycanın tərkibində adi inzibati ərazi vahidinə çevrilməsi faktı ilə barışmağa məcbur edir.
Rusiya regionda gedən proseslərə getdikcə daha az təsir edir. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, “Laçın dəhlizindəki mövcud vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir”.
Rəhbərliyi yenidən dəyişmiş rus sülhməramlılarının mandatı 2025-ci ildə bitir. Həmin il Qarabağ münaqişəsinin tarixində həlledici il ola bilər.
İndi əsas sual odur ki, həmin tarixə qədər tərəflər bir-birinə tərəf addıma ata biləcəkmi?
“Qondarma rejim özünü buraxmalıdır”
Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını "qəbul etməyəcək”, - Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev cümə axşamı günü Ağdamda BBC müxbirinə açıqlamasında deyib.
İki gündür Ağdam-Xankəndi-Əsgəran yolunun girişində içində 40 ton un yardımının olduğu iki TIR-ın gözlədiyi əraziyə bu gün səfər edən cənab Hacıyev vurğulayıb ki, “qondarma rejim özünü buraxmalıdır”.
Onunla müsahibəyə YouTube kanalımızda baxın.
Çərşənbə günü Azərbaycan Qızıl Aypara Cəmiyyəti Laçın Dəhlizi bağlandığı üçün Dağlıq Qarabağın qida çatışmazlığı ilə üzləşdiyi bildirilən etnik erməni əhalisinə un yardımı aparıb.
Lakin iki gündür Bakıdan Xankəndinə gedən yardım Ağdamda "icazə gözləyir".
Tanınmamış "Dağlıq Qarabağ Respublikası Prezidentinin müşaviri" David Babayan çərşənbə günü BBC Azərbaycancaya deyib ki, onlar "Laçın dəhlizi normal fəaliyyət göstərməyənə qədər hər hansı humanitar yardım qəbul etməyi mümkün görmürlər".
“Əvvəlcə Laçın yolu açılsın, sonra Ağdamı müzakirə edək”, - David Babayan əlavə edib.
Laçın Dəhlizində yerləşən sərhəd-buraxılış məntəqəsindən son iki həftədə yalnız Qarabağdan Ermənistana gedən 650 nəfərdən çox şəxs keçə bilib. Dəhliz yük və şəxslərin Qarabağa keçməsi üçün bağlıdır.