Həmasın İsrailə hücumu: silahlılar “bir kənddə bütün ailələri qətlə yetiriblər”

Çərşənbəyə keçən gecə İsrailin Qəzzaya hücumu davam edib.

Həmas bildirib ki, İsrailin gecəboyu hava hücumları nəticəsində azı 30 adam həlak olub.

Israil qüvvələri deyib ki, gecə Qəzzada 200 hədəfə zərbə endirib.

Çərşənbə gününə olan məlumata görə, hücumlar başlayandan bəri İsraildə ölənlərin sayı 1000-ə çatıb. Qəzzada isə 900-dən çox insan həlak olub, hər iki tərəfdə minlərlə yaralı var.

İsrail Həmas qüvvələrinin bir qəsəbədə bütün ailələri qətlə yetirdiyini deyir.

Həmas oktyabrın 7-də İsrailə gözlənilməz hücum edib, dinc insanları öldürüb və girov götürüb. Bundan sonra İsrail hərbisi Qəzzaya ölümcül hücumlara başlayıb.

İsrailin Baş naziri Benjamin Netanyahu bu hücuma verdikləri cavabın 'Orta Şərqi dəyişdirəcəyini deyib.

Putin: "Əgər kişilər öz aralarında vuruşmaq qərarına gəliblərsə, qoy öz aralarında vuruşsunlar. Qadınları və uşaqları rahat buraxın"

“Baş verənlər dəhşətlidir. Biz başa düşürük ki, hər iki tərəfdə böyük acı var, lakin hər iki tərəfdə acının səviyyəsi nə olursa, olsun, biz çalışmalıyıq ki, mülki əhali arasında - qadınlar, uşaqlar, qocalar- itkiləri minimuma və ya sıfıra endirək“, - Rusiya Prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi”nin plenar iclasında bəyan edib.

“Əgər kişilər öz aralarında vuruşmaq qərarına gəliblərsə, qoy öz aralarında vuruşsunlar. Qadınları və uşaqları rahat buraxın. Bu, hər iki tərəfə aiddir”, - Putin vurğulayıb.

Onun sözlərinə görə, Fələstin problemi hər bir müsəlmanın ürəyindədir və ədalətsizlik kimi qəbul edilir.

"Söhbət əzəldən iki müstəqil və suveren - İsrail və Fələstin- dövlətlərinin yaradılmasından gedirdi, - Rusiya Prezidenti bildirib. – İsrail bildiyimiz kimi, yaradıldı, Fələstin isə müstəqil və suveren bir dövlət kimi hələ də yaradılmayıb.

Putin, həmçinin qeyd edib ki, münaqişənin genişlənməsi enerji sektoru da daxil olmaqla, ciddi nəticələrə gətirib çıxara bilər.

Bu arada prezidentin mətbuat katibi Dmitri Peskov Rusiyanın Həmas-ı terror təşkilatı kimi tanıyıb-tanımaması ilə bağlı suala cavab verərək deyib: “Biz münaqişə tərəfləri ilə əlaqələrimizi qoruyuruq. Orada da Rusiya vətəndaşları var. Bizim üçün Rusiya vətəndaşlarının taleyi bir nömrəli prioritetdir. Bundan əlavə, təbii ki, Rusiya vəziyyəti təhlil etməyə davam edir və nizamlanma prosesində iştirak etmək potensialına malik ölkə kimi mövqeyini qoruyur”.

Həmas qruplaşması Rusiyanın terror təşkilatları siyahısına daxil edilməyib. Onun nümayəndələri dəfələrlə Moskvaya gələrək Rusiya rəhbərliyi ilə danışıqlar aparıblar.

Erdoğan: "İsrail unutmamalıdır ki, bir dövlət kimi deyil, təşkilat kimi hərəkət etsə, son nəticədə onun özü ilə də təşkilat kimi davranacaqlar"

Prezident Recep Tayyip Erdoğan AKP Böyük Millət Məclisi Qrup Toplantısındakı çıxışında Həmas-a müharibə elan edən İsrail üçün “Bu, müharibə deyil, qırğındır” deyərək, tərəfləri “təmkinli” olmağa çağırıb.

"İsrail unutmamalıdır ki, bir dövlət olaraq, bir təşkilat kimi davranarsa, nəticədə onunla da təşkilat kimi də davranılacaq. Mülki vətəndaşları öldürmək təşkilatın refleksidir”, - Edroğan deyib.

Türkiyə Prezidenti İsrail və Fələstin tərəfindən mülki şəxslərə qarşı hər hansı tədbirlərin görülməsinin yolverilməz olduğunu bildirib.

Erdoğan BMT-ni və digər beynəlxalq təşkilatları Fələstin xalqını tək qoymaqda ittiham edib.

“Hər kəs impulsiv hərəkətlərdən, humanitar yardımların kəsilməsi kimi Fələstin xalqını bütünlüklə cəzalandırmaq məqsədi daşıyan qərarlardan uzaq durmalıdır”, - o deyib.

Erdoğan Türkiyənin vəziyyətdən çıxmaq üçün və “ədalətli araşdırma” aparmaq işində hərtərəfli vasitəçilik etməyə hazır olduğunu bildirib.

“Bölgəyə sülh və əmin-amanlıq ancaq paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması və bu dövlətin bütün dünya tərəfindən tanınması ilə gələ bilər”, - Türkiyə Prezidenti vurğulayıb.

İsrail hakimyyəti müxalifətlə birgə fövqəladə hökumət yaradır

İsrailin Baş naziri Benjamin Netanyahu və müxalifət partyasının lideri Benny Gantz fövqəladə hökumət və "müharibə kabineti" yaratmağa razılaşıb.

"Müharibə kabineti"nə üç üzv daxildir: Baş nazir, müdafiə naziri və müxalifət partiyasının lideri.

Bu, o deməkdir ki, “müharibə dövründə müharibəyə aid olmayan heç bir dövlət layihəsi və ya qərarı təbliğ edilməyəcək” və bütün yüksək vəzifəli təyinatlar müharibə dövründə avtomatik olaraq uzadılacaq.

Qəzzada elektrik enerjisi kəslib: yanacaq bitib

Qəzzada yeganə elektrik stansiyasının yanacağı bitdikdən sonra elektrik enerjisi kəsilib.

Həmasın həftəsonu hücumundan sonra İsrail Qəzzanı mühasirəyə alıb, onun elektrik, yanacaq, ərzaq, və su təchizatını kəsib.

Bu, o deməkdir ki, Qəzzadakı insanlar əgər onları işlətmək üçün yanacaqları varsa, elektrik enerjisi üçün generatorlardan istifadə edəcəklər.

İslam Universitetinə zərbələr endirilib

Çərşənbə günü İsrail Hərbi Hava Qüvvələri ötən gün axşam saatlarında Qəzza şəhərindəki İslam Universitetinə hava zərbələri endirdiyini təsdiqləyib. Bu barədə qurum X hesabında yazıb.

Ötən gün İsrailin Qəzza İslam Universitetinə hava zərbələri endirməsi nəticəsində təhsil mərkəzinin bir hissəsi dağılıb.

İsrail Hərbi Hava Qüvvələri bildirir ki, bu universitet "Həmas mühəndisləri üçün əsas təlim mərkəzi kimi xidmət edir" və "mühüm siyasi və hərbi güc mərkəzidir".

“Həmas bilik institutunu məhvetmə institutuna çevirdi”, qurum qeyd edib.

“Nə elektrik, nə qida, nə də yanacaq”

BMT-nin çərşənbə gününə olan məlumatına görə, hazırda Qəzzada 187 min insan köçkün düşüb.

“Qəzza zolağı boyunca yüz mindın çox insan didərgin düşüb və onların sayının artacağı gözlənilir. BMT-nin 83 məktəbində 137,500 sığınacaq var”, qurumun Fələstin qaçqınları ilə işləyən agentliyi bildirir.

Qəzzada təxminən yarım milyon insan paylama mərkəzləri bağlandığı üçün bu həftə BMT-nin qida yardımını ala bilməyib.

Bazar ertəsi İsrailin müdafiə naziri Yoav Gallant deyib ki, Qəzza ərazisinin “tam mühasirəsinə" əmr verib: “Nə elektrik, nə qida, nə də yanacaq”.

İsrail Qəzza üzərində hava məkanına və onun sahil xəttinə nəzarət edir.

İsrailin Müdafiə Qüvvələri bazar ertəsi verdiyi açıqlamada Qəzza sektorunda mindən çox hərbi hədəfin vurulduğunu qeyd edib. Qurum həmin bölgədən hazırda da İsrailin digər ərazilərinin raket atəşinə tutulduğunu deyib.

BMT-nin son bəyanatına görə, İsrailin başlatdığı cavab hücumlarından sonra 120 mindən çox fələstinli Qəzza ərazisini tərk etməyə məcbur olub.

Qəzzada xəstəxanaların dolduğu və elektrik enerjisi qıtlığından əziyyət çəkdiyi bildirilir.

Həmas tərəfindən öldürülən və qaçırılanlar arasında digər ölkələrin vətəndaşlarının olduğu deyilir.

Yaxın Şərqdə baş verənlər bazar ertəsi enerji bazarında neft qiymətlərinin kəskin artması ilə müşahidə olunur.

Analitiklər bahalaşmanın hərbi eskalasiyadan sonra neft daşımalarında fasilələrin yaranacağı ehtimalından qaynaqlandığını bildirir.

"Qəzzadakı bu qisas... Məncə, bu, kollektiv cəzadır”

Humanitar yardım işçisi Hozayfa Yazji BBC-nin Newshour proqramına bildirib ki, Qəzzada dinc sakinlər "kollektiv cəzaya məruz qalır".

"Mən hər iki tərəfdən mülki şəxslərin hədəf alınmasını heç bir şəkildə qəbul etmirəm. Qəzzadakı bu qisas... Məncə, bu, kollektiv cəzadır”.

"Mən pəncərəmdən çölə baxıram. İnsanlar Qəzzanın küçələrində ora-bura qaçırlar və onlar hara gedəcəklərini bilmirlər. Heç bir ümid də yoxdur", - Norveç Qaçqınlar Şurasının Qəzza bölgəsi üzrə meneceri Hozayfa deyir.

Onun sözlərinə görə, Qəzza sakinləri son 14 ildə dəfələrlə hücumlarla üzləşsələr də, onların heç biri bu miqyasda olmayıb.

"Vəziyyət çox pisdir, bunu sözlə ifadə etmək mümkün deyil. Hazırda Qəzzada təhlükəsiz yer yoxdur", - Hozayfa bildirib.

Həmas silahlıları sərhəd kəndində bütün ailələri qətlə yetiriblər.

Çərşənbə günü jurnalistlər Qəzza ilə sərhəddə Həmas-ın törətdiyi qətliamın yerləşdiyi Kfar Aza kəndinə baş çəkiblər.

Kfar Azadakı döyüşlər çərşənbə günü səhərə qədər davam etdiyi üçün İsrail əsgərləri yalnız bu gün qətlə yetirilən sakinlərin cəsədlərini toplamağa başlayıb.

Əsgərlər BBC-nin beynəlxalq redaktoru Jeremy Bowen-ə bildiriblər ki, Həmas içəri girərək evləri yandırıb və ailələri öldürüb.

İsrail zabiti ölənlərdən bəzilərinin başlarının kəsildiyini bildirib.

"Ağılı dizaynerlərin əllərindən öpürük", - İranın Ali dini lideri deyib

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi rəsmi Tehranın Həmas-ın şənbə günündə etdiyi ölümcül hücumun arxasında dayanmadığını bildirib.

BBC Farsca yazıb ki, o deyib: “Biz bacarıqlı və ağıllı dizaynerlərin və fələstinlilərin alınlarından və əllərindən öpürük".

Ayətullah Əli Xameneyi hücumdan bəri ilk dəfə çərşənbə axşamı televiziya ilə baş verənlərə münasibət bildirib.

Həmas-ın hücumu başlayandan bəri İranın hücumda iştirakı ilə bağlı fərziyyələr səslənir.

ABŞ Dövlət Katibi Antony Blinken son hücumda hələ İranın iştirakına dair dəlil görməyiblər, amma "dərin əlaqələr olduğuna" şübhə etmirlər.

"Özümü ovlanan yaralı bir heyvan kimi hiss etdim..."

Həmas silahlıları İsraildə keçirilən Supernova festivalına hücumu zamanı 260-dan çox adamın öldürüldüyü, onlarla insanın girov götürüldüyü deyilir.

Gilad Karplus BBC-yə ölümcül Supernova festivalındakı yaşadıqlarını və necə sağ qaldığını danışır.

“Raketlər var idi, sonra atmağa başladılar. Atəş müxtəlif istiqamətlərdən gəlirdi və getdikcə də yüksəlirdi”, - deyə hadisənin şahidi Karplus xatırlayır.

“Gördüm ki, insanlar aşağı düşür. Biz də, sadəcə maşına minib tarlalara tərəf sürdük”.

Gilad-ın sözlərinə görə, bir anda İsrail hərbi köynəyi geyinmiş səkkiz nəfər silahlı şəxs tarlalarda onları motosikletlə təqib etməyə başlayıb.

Maşına açılan atəşin güllə parçaları papağının arxasından keçərək Gilad-ın baş nahiyəsinə dəyib.

“Məndə qanaxma başladı. Başa düşmürdüm ki, vəziyyətim necədir? Kəllə sümüyümdə güllə var, ya yox? Sadəcə bilirdim ki, başımı bacardığım qədər möhkəm tutmalıyam ki, daha az qan itirim”.

Daha sonra Gilad-la dostu kiminsə onları xilas etməyə gələcəyinə ümid edərək kibbutzda gizləniblər.

Biz bu gün Gilad-la xəstəxanada başındakı yaranın sarğısını dəyişdirməsindən sonra görüşdük. O, başındakı yaranın ona “nə qədər şanslı olduğunu” xatırlatdığını deyir.

"Bu hadisə baş verən səhər mən özümü ovlanan yaralı bir heyvan kimi hiss etdim... Bunu bir daha yaşamaq istəmirəm".

Azərbaycanın İsraildəki səfiri: "Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm"

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov X hesabında yazıb ki, Həmas-ın hücumundan sonra ailəsi ilə birgə sığınacaqda qalmalı olub:

“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq. Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm.

Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması, terrorçular tərəfindən onların pis rəftara, zorakılığa məruz qoyulması məni dəhşətə gətirir.

Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, - səfir X sosial şəbəkəsindəki hesabında yazıb.

120 mindən çox fələstinli evlərini tərk edib

BMT-nin bazar günü gecə saatlarında yaydığı son hesabata əsasən, 120 mindən çox fələstinli yaşadıqları evləri tərk etməyə məcbur qalıb və onlardan 74 mini məktəblərdə sığınacaq axtarır.

Qəzza bölgəsində 2.3 milyondan çox əhali yaşayır və bu ərazi dünyanın ən sıx məskunlaşmış yerlərindən biridir.

İsrail Həmasın sürpriz hücumuna cavab olaraq Qəzzaya bir neçə hava zərbəsi endirib.

Fələstinin səhiyyə rəsmiləri bildiriblər ki, hücumlar nəticəsində 400 fələstinli ölüb, 2 mindən çox insan yaralanıb.

İran Həmasın hücumlarında birbaşa iştirakını inkar edir

İranın BMT-dəki missiyası Həmas qüvvələri tərəfindən İsrailin cənub ərazilərinə edilən hücumların İranla “əlaqəsinin olmadığını” deyib.

“Biz Fələstinə dəstək verməyin tərəfdarıyıq, lakin Fələstinin cavab tədbirləri ilə heç bir əlaqəmiz yoxdur, bu qərar Fələstin tərəfindən təkbaşına verilib”, Reuters missiyanın bazar günü yaydığı bəyanata istinadən bildirib.

Həmas daha əvvəl bildirmişdi ki, həftəsonu həyata keçirdiyi hücumlarda İran da ona köməklik göstərib.

İran uzun illərdir ki, Həmas silahlılarını dəstəkləyir və onları silahlarla təmin edir və təlimlər keçir.

Lakin ABŞ-ın dövlət katibi Antony Blinken bazar günü CNN televiziyasına müsahibəsində qeyd edib ki, Ağ Ev “hələlik İranın bu hücumların arxasında dayanmasını göstərən hər hansı sübut tapmayıb”.

Ölkələrin baş verənlərə reaksiyası

Dünya liderləri Həmasın hücumları və İsrailin cavab tədbirləri ilə bağlı fərqli reaksiyalar veriblər.

ABŞ Prezidenti Joe Biden ölkəsinin İsrailə dəstək verdiyini və bu qərarın “sarsılmaz və davamlı” olduğunu deyib. Rəsmi Washington regiona gəmi və döyüş təyyarələri göndərib və İsrailə əlavə sursatların göndəriləcəyini bəyan edib.

Britaniyanın Baş naziri Rishi Sunak israilli həmkarı Benjamin Netanyahuya “davamlı dəstək” göstərəcəyinə söz verib. “Biz əlimizdə olan bütün imkanlarla kömək edəcəyik. Terrorizm qalib gəlməyəcək”, - Baş nazir əlavə edib.

İran Prezidenti İbrahim Rəisi fələstinlilərin özünü müdafiə hüquqlarını dəstəklədiyini bəyan edib. Rəsmi Tehran uzun illərdir regondakı qeyri-sabitliyə görə, İsrailin məsuliyyət daşımalı olduğunu bildirib.

Livandakı Hizbullah silahlı qruplaşması isə bazar günü İsrailə raket və artilleriya zərbələri endirib. Bu qruplaşma da İran tərəfindən dəstəklənir. Hizbullahın atdığı addım İsrail ilə müxalif ölkələr arasında münaqişənin daha da genişlənəcəyi qorxusu yaradıb.

Çin hökuməti tərəfləri “təmkin nümayiş etdirməyə” və atışmanı “dərhal dayandırmağa” çağırıb. Çinin dövlət televiziyası “ikiölkəli həll” variantının vacibliyini vurğulayıb. Bu variant müstəqil Fələstin dövlətinin də yaradılmasını özündə ehtiva edir.

Rusiyanın Xarici İşlər Nazirliyi də tərəfləri “dərhal atəşkəsi” bərpa etməyə və “uzun zamandır gözlənilən, davamlı və əhatəli sülh”lə bağlı danışıqlara çağırıb.

İran lideri silahlıların rəhbərliyi ilə danışıb

İran Prezidenti silahlıların lideri ilə əlaqə saxlayıb.

BBC News İranın dövlət mediasına istinadən xəbər verir ki, İran Prezidenti son hadisələrdən sonra Fələstinin Həmas və İslami Cihad (PIJ) silahlı qruplaşmalarının lideri ilə danışıb.

İbrahim Rəisinin bu iki şəxslə danışıqlarının təfərrüatları açıqlanmır.

İran Həması dəstəkləyir, onu maliyyə ilə təmin edir, silah və təlim verir.

İsrail səkkiz nöqtədə Həmas silahlıları ilə mübarizə aparır

İsrail qüvvələrinin hələ də səkkiz nöqtədə Həmas silahlıları ilə mübarizə apardığı bildirilir.

Bazar günü səhər brifinqində hərbi sözçü Richard Hecht bildirib ki, İsrail Müdafiə Qüvvələri cənubda Həmas silahlılarının işğal etdiyi 22 məntəqəyə nəzarəti bərpa edib.

Lakin onlar hələ də səkkiz ərazidə "həmin icmaların terrorçulardan təmizlənməsi" ilə məşğuldur.

İslamçı Həmas silahlıları şənbə günü qəfildən İsrailə hücum edib.

Sözçü Richard Hecht həmçinin bildirib ki, İsrail hakimiyyət orqanları Qəzza zolağının ətrafındakı qəsəbələrin sakinlərini "yavaş-yavaş təxliyə etməyə" başlayır.

Lakin Hecht neçə nəfərin evakuasiya olunduğunu açıqlamayıb.

O, həmçinin bildirib ki, İsrail Livandan gələn hücumlara cavab verməyə “hazırdır”, lakin hələlik qurudan hücum planı müzakirə olunmayıb.

İsrail "hələ də müharibədədir... İsrail ərazisini və icmalarını Həmasdan tam almaq üçün hələ də səy göstərir" , - Richard Hecht vurğulayıb.

Bundan sonra nə baş verə bilər?

Yolande Knell

BBC-nin Yaxın Şərq üzrə müxbiri, Qüds (Yerusəlim)

Həmas fələstinliləri və digər ərəbləri İsrailin işğalından qurtulmaq üçün hərəkətə keçməyə çağırıb.

İndi əsas sual odur ki, işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə və ya bölgənin başqa yerlərindəki fələstinlilər Həmasın çağırışına qulaq asacaqlarmı?

İsrail, şübhəsiz ki, bir neçə cəbhədə açıla biləcək müharibə potensialını görür. Ən pis ssenari odur ki, o, Livanın güclü silahlı qruplaşması olan Hizbullahı məsələyə qarışdıra bilər.

Bu arada İsrail hərbçiləri qoşunların kütləvi şəkildə gücləndirilməsi barədə göstəriş verib. Qəzzaya intensiv hava hücumları ilə yanaşı, orada quru əməliyyatı aparmağı planlaşdırdığını da açıqlayıb.

Quru əməliyyatı girovların təhlükəsizliyinə təminat ola bilərmi? -Təhlil

Jo Floto

Qüds-dəki (Yerusəlim) Yaxın Şərq bürosunun rəhbəri

Gecədən israillilər sosial mediada silah gücünə evindən çıxarılaraq Qəzzaya aparılan, tez-tez kamera qarşısında alçaldılan mülki şəxslərin görüntülərinin olduğu videoları izləyirlər.

Bu, ölkə üçün dəhşətli şokdur. Həmin girovların təhlükəsizliyi və geri qaytarılması hamının diqqət mərkəzində olacaq.

Keçmişdə, Həmas girov götürəndə, bu illərlə sürən danışıqlarla bitmişdi. Bundan sonra həmin girovlar minlərlə fələstinli məhbusla dəyişdirilmişdi.

Biz bilirik ki, Həmas indi də eyni şeyi etmək istəyir. O, girovların əvəzində İsrail həbsxanalarındakı fələstinli silahlıların azad edilməsini təmin edəcəyini bildirir.

İsrailin Baş naziri Benajmin Netanyahu Həmasa xəbərdarlıq edib ki, girovlara zərər verilərsə, bunun nəticələri ağır olacaq.

Onlar girovları quru əməliyyatı olmadan necə geri qaytaracaqlar? Və girovların qarşılıqlı atışmada öldürülməmələrinə necə əmin olacaqlar, bunu görmək çətindir.

İsrail ordusu indi minlərlə piyadanı səfərbər edir və Qəzzaya gedən istiqamətə tanklar toplayır.

Müəyyən bir nöqtədə yerüstü əməliyyatlar real görünür.

Hizbullah Dov dağına zərbələr endirdiyini iddia edib

Hizbullah Dov dağına zərbələr endirdiyini iddia edir.

İsrail oradan minaatan atəşinə cavab olaraq Livan ərazisini atəşə tutub.

Livandakı Hizbullah qruplaşması indi həm İsrailin, həm Livanın, həm də Suriyanın iddia etdiyi mübahisəli əraziyə - Dov dağına zərbələr endirdiyini açıqlayıb.

İranın dəstəklədiyi silahlı qrup hücumun "Fələstin müqaviməti ilə həmrəylik məqsədilə" həyata keçirildiyini bildirir.

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı buna cavab olaraq, Jabal al-Rus bölgəsində Hizbullaha məxsus infrastrukturu bombalayıb.

Livan-İsrail sərhədində 2006-cı ildə İsrail və Hizbullah arasında müharibədən bəri nisbətən sakitlik hökm sürüb, lakin son aylarda gərginlik artıb.

Həmas "İsraillə belə bir döyüşə hazırlaşdığını bildirmişdi"

Rushdi Abu Alouf

BBC News, Qəzza şəhəri

Son 17 ildir Qəzzaya nəzarəti Həmas edib.

Qruplaşma bu müddət ərzində İsraillə belə bir döyüşə hazırlaşdığını bildirmişdi.

Həmas İsrailin bu cür reaksiya verəcəyini də gözləyirdi - İsrail Hərbi Hava Qüvvələri dünən gecə Həmasın hücumlarına cavab zərbəsi endirib.

İsrail Həmas-ın əsas infrastrukturunu və qrup liderlərinin evlərini dağıtmağa davam edir.

Həmas İsrailə qarşı belə bir hücumun nə ilə nəticələnə biləcəyinin fərqində idi və buna görə də cavab zərbələrini gözləyirdi.

Həmas tərəfindən götürülmüş israilli girovlar haqqında nə bəllidir?

İsrail ordusu bildirir ki, "əhəmiyyətli sayda" İsrail mülki vətəndaşı və əsgəri Fələstinin Həmas silahlı qruplaşması tərəfindən girov götürülüb.

Onların arasında uşaqlar, qadınlar, qocalar və əlillər var.

Hərbi sözçü Jonathan Conricus bildirib ki, əsir götürülmüş şəxslərdən "bəziləri sağ, bəzilərinin isə öldürüldüyünü ehtimal edirlər".

İnternetdə israillilərin Həmas döyüşçülərinin əlində olduğunu göstərən bir sıra videolar yayılıb.

BBC-nin dəqiqləşdirə bildiyi bir videoda yük maşınının Qəzza zolağında izdihamın arasından sürüldüyü və onun israilli girovları apardığı iddia edilir.

İsrail Hərbi Hava Qüvvələri daha əvvəl Qəzza zolağında HƏMAS-ın hərbi hədəflərinin yerləşdiyi bildirilən bir çox binaya endirdiyi zərbələrin görüntülərini yayıb.

Qəzzadan gələn məlumat azdır, lakin sosial mediada yayılan şəkillər və görüntülər ibadət yerləri də daxil olmaqla, çoxlu binaların dağıldığını göstərir.

Qəzza sakinlərinin xəstəxanalara sığındığı bildirilir. İsrail hakimiyyəti sakinlərin təxliyəsinə başladığını açıqlayıb.

"Qəzza əhalisi burada müharibəni hiss etməyə başlayıb" - BBC-nin Qəzzadakı müxbiri bildirir

Qəzza əhalisi burada müharibəni hiss etməyə başlayıb, Qəzzadakı BBC müxbiri Rushdi Abualouf deyir.

O, İsrailin Həmasın hücumlarına cavab verməsilə "böyük partlayışların" meydana gəldiyini bildirir.

AFP-nin müxbiri xəbər verir ki, Qəzza zolağında əllərində geyim və ehtiyat qida məhsulları olan yüzlərlə sakin İsrail ordusunun cavab zərbələrindən ehtiyat edərək, İsraillə sərhədə bitişik əraziləri tərk edir.

"Eyni zamanda, şərqi Qüdsdə fələstinlilərin olduğu avtomobillər də görünüb, onlar sevinclə qışqırıb, avtomobillərinin siqnallarına basıblar", - o bildirib.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Joe Bidenin ona ABŞ-ın İsrailin "özünü müdafiə etmək hüququnu tam dəstəklədiyini" dediyini açıqlayıb.

İsrailin Fövqəladə Hallar Xidməti fələstinli hərbçilərin raket hücumları nəticəsində ölkədə 40 nəfərin həlak, 700-dən çox yaralının olduğunu təsdiqləyib. Fələstin səhiyyə rəsmilərinin açıqlamalarına görə isə İsrailin Qəzza-ya hərbi zərbələr endirməsi nəticəsində ölü sayı 200-ə yaxınlaşır.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişədə iştirak edən bütün tərəfləri “beynəlxalq humanitar hüquq çərçivəsində öz hüquqi öhdəliklərinə hörmət etməyə” və mülki şəxslərin və tibb işçilərinin müdafiəsini təmin etməyə" çağırıb.

Həmas bir qədər əvvəl "çoxlu" İsrail əsgərlərinin ələ keçirildiyini iddia edib, BBC reportyoru Graeme Baker xəbər verir.

"Telegram-da özünü Əbu Həmzə adlandıran sözçüsü yazır:

Əl-Qüds briqadalarında təsdiq edirik ki, indi Allaha şükür, bizim əlimizdə əsir olan çoxlu sayda sionist əsgərimiz var", - Graeme Baker yazır.

Baker, həmçinin yazır ki, "İslami Cihad Qəzzada fəaliyyət göstərən bir neçə silahlı qruplaşmadan biridir. Qüds Briqadası onun silahlı qanadıdır. Qrup Həmas ilə əməkdaşlıq edir, həm də müstəqilliyini saxlayır".

Baker vurğulayır ki, əl-Qüds Briqadası İordan çayının qərb sahilində də fəaldır və orada israillilərə qarşı bir neçə hücum təşkil edib.

Həmasın Qassim Briqadaları silahlıları tərəfindən əsir götürülmüş mülki geyimli azı üç kişinin İsrail əsgərləri olduğunu iddia edən video yayımlayıb.

Sosial şəbəkələrdə yayılan videoda əsirlərin hücum zamanı ələ keçirilən “düşmən” olduğu iddia edilir.

AFP xəbər agentliyi xəbər yayıb ki, videoya əlavə olunmuş mətndə ərəb dilində "Əl-Qassim Briqadalarının əməliyyatı zamanı bir neçə düşmən əsgərini əsir götürməsinin görüntüləri" ifadəsi olan mətn var.

AFP-nin xəbərinə görə, arxa fonda ibrani dilində işarələr videonun İsraillə Qəzza zolağı arasındakı Erez keçidinin İsrail tərəfində çəkildiyini göstərir.

BBC News videonu müstəqil şəkildə yoxlaya bilməyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Fabrizio Carboni ilkin görüntülərin və məlumatları "tamamilə dəhşətli" adlandıraraq, "vəziyyət gərginləşməyə davam edərsə, hər iki tərəfdəki mülki insanların çox əziyyət çəkəcəyini" deyib.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, girov götürmə aktını həyata keçirmək və ya həyata keçirməklə hədələmək beynəlxalq humanitar hüquq çərçivəsində qadağandır. Saxlanılan hər kəslə, o cümlədən döyüşçülərlə humanist və ləyaqətlə rəftar edilməlidir”.

O əlavə edib ki, BQXK “neytral vasitəçi” rolunu qoruyaraq saxlanılmış hər kəsin vəziyyətini yoxlamaq üçün onlara baş çəkməyə hazırdır.

Bundan əvvəl isə İsrail Müdafiə Qüvvələri (İMD) sosial şəbəkədəki paylaşımında indiyədək 17 hərbi birləşməyə və Həmasın 4 əməliyyat qərargahına hücum etdiyini bildirib.

BBC bu iddianı təsdiqləyə bilməyib.

Ancaq İsrail ordusu daha əvvəl İsrailə raket zərbələri endirməsinə cavab olaraq Qəzza zolağındakı hədəfləri vurmağa başladığını açıqlayıb.

Bu arada, Fələstin Prezidenti Mahmud Abbas "xalqının özünüdafiə hüququnu" vurğulayaraq, fələstinlilərin “terrorizm və işğalçı qüvvələrdən" müdafiəsinin təminatının zərurətindən” danışıb.

İslamçı Həmas qruplaşması şənbə günü İsrailə qəfil hücum edib. İsrail ordusu hücuma cavab olaraq, "müharibə hazırlığı" elan edib və ehtiyatda olan hərbçiləri orduya çağırıb.

Bu arada, BBC News-un təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner İsrail hökumət rəsmilərinə istinadən, "İsrail kəşfiyyatının Həmasın bu, kütləvi və yaxşı koordinasiya edilmiş hücumu ilə bağlı öncədən məlumatlı olmaması ilə bağlı "böyük araşdırma" aparıldığını yazır.

“Biz müharibədəyik”, İsrailin Baş naziri Benjamin Netanyahu X hesabında paylaşılan video postunda deyib.

Netanyahu-nun bəyanatını tərcümə edən Reuters-in yazdığına görə, Baş nazir “düşmənimiz heç vaxt bilmədiyi bir qiymət ödəyəcək” deyib. O bildirib ki, İsrail müharibədədir: “Və biz qələbə qazanacağıq”.

Sosial şəbəkələrdə paylaşılan videolarda fələstinli silahlıların İsrailin Sderot şəhərində küçədə yoldan keçənlərə atəş açdığı görünür, David Gritten BBC News-da yazır.

İsrailin müdafiə naziri bildirib ki, Həmas onun ölkəsinə qarşı “ciddi səhv edib və müharibəyə başlayıb”.

Bundan əvvəl İsrailə onlarla raket atılıb və ölkəboyunca hava hücumu həyəcanı işə salınıb. İsrail də Qəzzadakı hədəflərə cavab zərbələri endirib.

Təl-Əviv yaxınlığında və Qəzza ətrafı ərazilərdə partlayışların baş verməsinə dair xəbərlər yayılıb.

Fələstinin silahlı qruplaşması olan Həmas silahlıları 20 dəqiqə ərzində 5 min raket zərbəsi endirdiyini bildirərək hücuma görə məsuliyyəti üzərinə götürüb.

Hadisələrin "görünməmiş və gözlənilməz inkişaf"ı

Jeremy Bowen

BBC News

Bu şənbə səhəri baş verənlər Həmasın Qəzzaya nəzarəti ələ keçirməsindən ötən 15 ildən artıq müddətdə görülməyib.

Bu hücum israillilər və fələstinlilər arasında aylarla davam etmiş zorakılıq və artan gərginlikdən sonra baş verir.

Bunların əksəriyyəti İsrailin 1967-ci ildən işğal etdiyi qərb sərhədinə - Qüds və İordaniya ilə sərhəd arasında uzanan əraziyə görədir.

İsrail hücuma məruz qaldığını, faktiki olaraq Həmasın İsrailə müharibə elan etdiyini açıqladı və indi mənim gözləntim israillilərin tətbiq etmək üçün planlaşdırdıqları çox güclü cavabdır - hansı ki, onlar məhz onun olacağını bildirirlər.

Düşünürəm ki, İsrailin Qəzzaya qoşun yeritməsi ehtimalı böyükdür.

Bu vəziyyət sürətlə davam edəcək və daha da ağırlaşacaq.

Böyük bir sual indi nəyin baş verməsidir - yalnız Qəzzada və onun ətrafında deyil, həm də Fələstin silahlı qrupları ilə İsrail təhlükəsizlik qüvvələri və orada məskunlaşanlar arasında aylardır təkrarlanan və dərinləşən zorakılıqların olduğu Qüds (Yerusəlim) və Qərb Sahilində nə baş verir?

Onsuz da qeyri-sabit olan vəziyyətin bu hadisələrlə daha da gərginləşəcəyi şübhəsizdir.

Buna görə də, hesab edirəm ki, hazırda israillilər və fələstinlilər üçün bu, tamamilə gözlənilməz, çox narahatedici səhərdir.

"İsrail kəşfiyyatının böyük uğursuzluğu"

Frank Gardner

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbirinin təhlili

Bu, İsrail kəşfiyyatının böyük uğursuzluğudur.

Bu ölkə Yaxın Şərqin həm daxildə, həm də xaricdə ən böyük və inkişaf etmiş kəşfiyyat şəbəkələrindən birinə sahibdir.

Onun yalnız Fələstin ərazilərində deyil, Livanda, Suriyada və başqa yerlərdəki silahlı qruplaşmalarda yerləşmiş məlumat mənbələri var.

O, keçmişdə hərbi liderlərə ya dəqiq dron zərbələri ilə, ya da cib telefonları vasitəsilə sui-qəsd edə bilib.

Ancaq bu gün yəhudilərin bayramının sonunda “yuxuya getdiyi” görünür.

Həmas diqqətlə hazırlanmış bu hücumu İsrailə qarşı tamamilə məxfilik şəraitində planlaşdırıb həyata keçirə bildi.

İsrailin buna ağır cavab verəcəyi bəllidir. Ancaq indi israillilər sual edəcəklər ki, niyə onların casusları ölkəni xəbərdar etmək üçün bunu əvvəldən görə bilmədilər?