Əli Kərimli barədə yenə həbs qərarı
Müxalifət lideri Əli Kərimli daha dörd ay həbsdə qalacaq. Bu barədə Azərbaycanda məhkəmə qərar verib və xəbər Əli Kərimlinin sosial media hesabında yayılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lideri 2025-ci il noyabrın 29-da həbs edilib.
Onun hakimiyyəti "zorla ələ keçirməkdə" ittiham olunduğu bildirilir.
Hakimiyyətə yaxın media Əli Kərimlinin Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev işi ilə bağlı saxlandığını iddia edib.
Ramiz Mehdiyev Azərbaycan Prezident Administrasiyasının uzun illər rəhbəri olub və ölkənin ən nüfuzlu siyasi fiqurlarından sayılırdı. Keçən ilin oktyabrında onun haqqında genişmiqyaslı istintaq işi açıldığı xəbərləri yayılsa da, hələ də rəsmi məlumat verilməməkdədir.
AXCP yerli mediada səslənən ittihamları "bohtan" adlandırıb və Əli Kərimlinin saxlanmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirib.
Əli Kərimli Azərbaycan hakimiyyətinin qatı tənqidçisidir. O, çıxışlarında iddia edib ki, Prezident İlham Əliyev tənqidə dözümlü deyil və müxalifətlə dialoq aparmayıb, yalnız monoloq edib.



