Azərbaycandakı insan haqları ilə bağlı Vansa müraciətlər var
ABŞ-ın vitse-prezidenti Cey Di Vans bu gün Azərbaycana səfər edəcək.
Səfər ərəfəsində həm ABŞ-dan, həm də Azərbaycandan ona insan haqları məsələlərinə diqqət ayırması üçün çağırışlar edilir.
Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi Vansı İlham Əliyevlə görüşdə ölkədəki insan hüquqları vəziyyətini və xüsusilə siyasi məhbuslar məsələsini qaldırmağa çağırıb. Mərkəz bildirir ki, Azərbaycanda ən azı 340 nəfər siyasi məhbus kimi tanınır.
Qurum xatırladıb ki, ABŞ Belarus və Venesuelada siyasi məhbusların azad olunmasına nail olub və bunun Azərbaycanda da mümkün olacağına ümid edildiyini deyib.
Onlar Vansı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması üçün çağırış etməyə səsləyiblər.
Deputat Hikmət Babaoğlu isə bildirib ki, bu mövzunun gündəmə gətirilməsi dövlət maraqlarına ziddir və Azərbaycanın imicinə zərbə vurmaq cəhdidir.
Cey Di Vans artıq Ermənistanda Nikol Paşinyanla görüşüb.
Onun fevralın 10-da Bakıya gözlənən səfəri ABŞ rəhbərliyinin Azərbaycana son illərdə etdiyi ən yüksək səviyyəli səfər sayılır.



