"Rusiya üzr istəməlidir" - Azərbaycanda təzyiqlər artır

    • Müəllif, Səadət Akifqızı
    • Vəzifə, BBC Azərbaycanca

Çümə axşamı günü hakimiyyətə yaxın mənbələrdə AZAL təyyarəsinin Rusiya səması üzərində vurulması iddiaları səsləndikdən sonra bu, yerli medianın əsas müzakirə mövzusu olub.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb, 40-a yaxın adam həlak ollub, 20-dən çox yaralı var.

"Rusiya özünü etibarsızlaşdırmamalıdır"

Qəza baş verəndən sonra təyyarənin qəza anı, salonun içi və sağ qalan quyruq hissələrinin görüntüləri sosial mediada yayılıb. Quyruqda olan dəliklər xüsusilə diqqəti çəkib və qəzanın baş vermə səbəbinin təyyarənin Rusiya hava məkanında vurulması ehtimalını ortaya çıxarıb.

Rusiya sərnişin təyyarəsinin qəzaya uğraması barədə "fərziyyələr"in irəli sürülməsinə dair xəbərdarlıq edib. Kreml sözçüsü Dmitri Peskov məsləhət görüb ki, qəza ilə bağlı istintaqın nəticəsini gözləsinlər.

Bu xəbərdarlığa baxmayaraq, Azərbaycanda hakimiyyətə yaxın mediada təyyarə qəzası məhz bu versiya üzərində müzakirə edilərək Rusiyanın təyyarənin vurulmasını etiraf edərək üzr istəməsi çağrışları səslənib.

İctimai TV-nin "Diqqət mərkəzi" verilişində Rusiyanın üzr istəməli olduğu vurğulanıb.

Verilişinin qonağı, millət vəkili Hikmət Babaoğlunun fikrincə, hakimiyyət mənbələrinə istinadən yayılan bu xəbərlər "doğru ola bilər". Onun fikrincə, Rusiya bunu etiraf etməmək üçün kiçik ölkə deyil. "Həm də Rusiya özünü etibarsızlaşdırmamalıdır, əgər belə bir vəziyyətdə düzgün araşdırılmasa, düzgün etiraf olujnmasa bütün qonşu ölkələr, ya da digər ölkələrin mülki aviasiya şirkətləri Rusiayay uçmaqdan imtina edə bilər".

Azərbaycan hakimiyyəti təyyarənin qəza səbəbləri barədə hələlik açıqlama verməyib və araşdırma aparıldığını bildirib.

Amma dekabrın 26-da hökumətə yaxın Caliber.az saytı özünün "etibarlı hökumət mənbələrinə" istinadla yazıb ki, qəzanın ibtidai istintaqı zamanı "təyyarənin Rusiyanın Qroznıdakı Pantsir-S hava müdafiə sistemi tərəfindən hücuma məruz qaldığı" məlum olub.

Bundan əlavə, sayt iddia edib ki, Rusiyanın elektron hərb sisteminin müdaxiləsi nəticəsində Azərbaycan təyyarəsinin kommunikasiya sistemi "tamamilə iflic vəziyyətə salınıb".

Verilişin digər qonağı, siyasi şərhçi Fərhad Məmmədov caliber.az-ın bu məlumatına istinad edərək deyir ki, Azərbaycan istintaq qrupu məhz bu versiyanın üzərində işləyir və qarşı tərəfdən- Rusiyadan müvafiq addımlar atılması gözlənir.

O vurğulayıb ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonuncu günündə Azərbaycan səmasında Rusiya təyyarəsi vurularkən rəsmi Bakı dərhal üzr istədi, kompensasiya və digər öhdəlikləri öz üzərinə götürdü: "İndi Azərbaycan tərəfi də indi Rusiyadan həmin addımların atılmasını gözləyir".

Fərhad Məmmədovun fikrincə, hakimiyyətə yaxın mənbələrdə bu məlumatın ortaya çıxmasının əsas məqsədi hər iki dövlət arasında bu məsələnin həll edilməsidir, "müvafiq addımlar atılmalıdır, üzrxahlıq da, kompensasiya da və s. ki bu məsələ şişməsin. Çünki biz görürük ki, Qərb mediasında bunu bir cür izah edirlər, digər istiqamətlərə yönəldirlər", - o deyib.

"Azərbaycan höküməti mövqeni ortaya qoymaqla deyir ki, indi zəhmət çəkin, bildirin"

"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - deputat Rasim Musabəyov Turan informasiya agentliyinə deyib.

Deputat qeyd edib ki, Rusiyada kimlərsə bununla bağlı izləri irirmək üçün mediada müəyyən hərəkətlər edirlər:

"Nahaq edirlər. Azərbaycan höküməti isə mövqeni ortaya qoymaqla deyir ki, indi zəhmət çəkin, bildirin. Durub hansısa izləri itirmək üçün mediada kampaniya aparmaq lazım deyil".

Azərbaycan hökuməti rəsmi açıqlama verməsə də, Anadolu agentliyi yüksək rütbəli Azərbaycan rəsmisinə istinadla Rusiya müdafiə sisteminin təyyarəni vurması barədə iddiaların doğru olduğunu yazıb.

Rasim Musabəyov vurğulayıb ki, bu hadisə ilə bağlı üzrxahlıq olmalıdır: "Bunu törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir, kompensasiya ödənilməlidir. Bu olmadığı halda, təbii ki, münasibətlər ayrı müstəviyə keçir".

Deputat 2020-ci ildə 44 günlük müharibəsi zamanı vurulan Rusiya helikopter məsələsini xatırladaraq qeyd edib ki, Azərbaycan üzr istədi və günahkarları məsuliyyətə cəlb ediləcəyini bəyan etdi və kompensasiya ödədi: "Sivil münasibət budur. HHM işləyirsə aeroport bağlanmalıdır, xəbər verilməlidir ki, bura heç kim uçmasın. Bunu da etmədilər. Ona görə də məsuliyyət daşımalıdır".

Kremldə Rasim Musabəyovun Rusiyanın üzr istəməsi ilə bağlı bəyanatını görüblər, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib, amma araşdırma getdiyi üçün hər hansı qiymət verməyəcəklərini əlavə edib.