İlham Əliyev: “Azərbaycan Praqa və Alma-ata bəyanatlarına sadiqdir”

Şəklin mənbəyi, PRESIDENT.AZ
Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Stéphane Séjourné -nin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etməsi ilə bağlı dediklərini “yalan” adlandırıb.
Çərşənbə günü Prezident İlham Əliyev ABŞ dövlət katibi Antony Blinken-lə telefonla danışığında deyib ki, Fransa xarici işlər naziri "yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham edib", Azərtac yazıb.
Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stéphane Séjourné ABŞ dövlət katibi Antony Blinken-lə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan arasındakı gərginlikdən danışıb. O, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini iddia edib. Videoya buradan baxa bilərsiniz.
İlham Əliyev Blinken-ə bildirib ki, Azərbaycan "2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir".
2022-ci ilin oktyabrında Praqada Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı liderləri arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər.



