You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
BMT TŞ-da müzakirələr: ABŞ, Britaniya və Fransa Azərbaycanı Laçın yolunu açmağa çağırıb
Çərşənbə günü BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun “bağlanmasından” sonra yaranmış “humanitar böhranı” müzakirə etmək üçün təcili iclas çağırıb.
Müzakirədə çıxış edən ölkələrin təmsilçiləri tərəflərin "aqressiv ritorikadan" istifadə etməməsini, tərəflər arasında dialoqun inkişaf etdirilməsini və münaqişənin həlli yollarının tapılmasına çalışılmasını təklif ediblər.
Çıxışçılar həmçinin "humanitar böhranın" yaşanmasından narahat olduqlarını və Laçın koridorunun açılmasını, o cümlədən, bölgədə dialoqun davam etdirilməsi üçün töhvə verməyə hazır olduqlarını bildiriblər.
Müzakirələrdə çıxış edən ABŞ nümayəndəsi Linda Thomas-Greenfieldçıxışında deyib ki, Washington Laçın dəhlizinin bağlı qalması nəticəsində Qarabağdakı erməni əhaliyə qida və dərman çatdırılmasının dayandırılmasından dərindən narahatdır.
"Biz Azərbaycan hökumətini dəhlizdə hərəkəti açmağa çağırırıq" o deyib.
Britaniya təmsilçisi ölkəsinin “Laçın dəhlizindəki davam edən maneələrə görə dərindən narahat olduğunu” bildirib.
O bildirib ki, bu əngəllər həyati əhəmiyyətli dərmanların və digər vacib məhsuların təminatına təhlükə yaradıb və yerli əhali humanitar çətinliklərlə üzləşib. O, beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunun açılması barədə qərarına əməl edilməsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin həyati əhəmiyyətli işinin bərpasına imkan yaradılmasın çağırıb.
Britaniya təmsilçisi həmçinin, Ermənistanla Azərbaycan arasında danışıqları alqışladığını bildirib.
Rusiya nümayəndəsi “Laçın dəhlizində davam edən blokadadan narahat olduğunu” bildirib.
O, hər iki tərəfi blokadanı aradan qaldırmağa və alternativ yolların açılmasına çağırıb.
O bildirib ki, Moskva faciənin qarşısını almaq üçün əlindən gələn bütün diplomatik yollardan istifadə edir.
Rusiya təmsilçisi deyib ki, Laçın və Ağdam vasitəsilə vətəndaşların və yüklərin daşınması üçün paralel yollar açıla bilər və bu, “Azərbaycan və Dağlıq Qarabağ ermənilərinin arasında barışığın başlanğıcı ola bilər”.
O, həmçinin, Bakı və Xankəndi arasında danışıqlara çağırış edib.
Fransa Laçın dəhlizi ilə hər iki istiqamətdə nəqliyyatın qeyd-şərtsiz bərpasına çağırıb.
Fransa təmsilçisi həmçinin, bölgədə davamlı sülhə sadiq olduqlarını bildirib və Dağlıq Qarabağ ermənilərinin hüquqları da daxil, sülh danışıqlarının bərpasını istədiyini deyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hazırkı vəziyyəti “Dağlıq Qarabağın mühasirəsi” adlandırıb.
“Laçın dəhlizi Ermənistanla Dağlıq Qarabağ arasında razılaşdırılmış yoldur və buna heç bir alternativ yoxdur”, Ararat Mirzoyan deyib.
O , mülki şəxslərin acından ölməsinin qarşısını almaq üçün çağırış edib və Laçın dəhlizi ilə azad hərəkətin bərpasına çağırıb.
Ararat Mirzoyan deyib ki, BMT Təhlükəsizlik Şurası “soyqırımın qarşısını alan” təşkilat kimi hərəkət etməlidir.
Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev Ermənistanın "soyqırım" iddialarını rədd edib.
O, çıxışında deyib ki, Ermənistan "işğalçı dövlətdir və hazırda siyasi riyakarlıqla” məşğuldur.
O deyib ki, Azərbaycanın yerli erməni sakinlərlə Yevlaxda görüşü razılaşdırılmışdı. “Təəssüf ki, avqustun 5-də Ermənistan qurduğu qeyri qanuni rejim vasitəsilə siyasi motivli və qeyri-qanuni şərtlər irəli sürməklə son anda razılaşmadan geri çəkildi”, Yaşar Əliyev deyib.
O, həmçinin, deyib ki, Azərbaycan Qırmızı Xaç Təşkilatı vasitəsilə Qarabağdakı erməniləri bütün zəruri məhsullarla təmin etməyi təklif edib, lakin erməni tərəfi bundan imtina edib.
Yaşar Əliyev bildirib ki, Qarabağdakı ermənilər Azərbaycan sakinləridir və Azərbaycan hökuməti onların lazımı yaşayış standartlarını təmin etməyə sadiqdir.
“Laçın dəhlizi adlandırılıan yol Azərbaycanın suveren ərazisindədir və heç bir ekstraterritorial statusa malik deyil”, o deyib.
Cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyəti müzakirə edən iclası ilə bağlı bəyanat yayıb.
“Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu", qurum bildirir.
Azərbaycan XİN-i bildirir ki, BMT-dəki "müzakirələr, Azərbaycanın "Ağdam-Xankəndi" yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yarattığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi”.
Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı keçirilən növbəti həftəlik hökumət iclasında bildirib ki, "BMT Təhlükəsizlik Şurasının iclasının əsas uğuru Laçın dəhlizinin blokadasının aradan qaldırılmasını təsdiq etməsidir".
"BMT Təhlükəsizlik Şurasındakı müzakirə Dağlıq Qarabağda humanitar böhranın mövcudluğunu və Dağlıq Qarabağ ermənilərinin həyatı və təhlükəsizliyinin sual altında olduğunu təsdiqləyib. BMT Təhlükəsizlik Şurası həmçinin, Azərbaycanın Beynəlxalq Məhkəmənin qərarlarının yerinə yetirmədiyini qeydə alıb. Beynəlxalq ictimaiyyət Laçın dəhlizinin açılmasına dair Azərbaycana kollektiv çağırış səsləndirib", -Paşinyan deyib.