Tofiq Yaqublu həbsdə qaldı

Tofiq Yaqublu Azərbaycan siyasət söz azadlığı toplaşmaq azadlığı

Mayın 6-da Bakı Apellyasiya Məhkəməsi müxalif siyasətçi Tofiq Yaqublu barəsində aşağı instansiyanın verdiyi həbs qətimkan tədbirini dəyişməyib. Vəkilləri onun həbs cəzasının ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət vermişdi, yaxınları BBC-yə bildirib.

Tofiq Yaqublu 9 illik həbs cəzası alıb . O, həbsini müxalif siyasi fəaliyyəti ilə izah edir. Siyasətçi həbsinə etiraz olaraq, 35 gündən çoxdur ki, aclıq aksiyası keçirir.

Azərbaycan hakimiyyəti ölkədə heç kəsin siyasi fəaliyyətinə görə təqib olunmadığını bəyan edib.

Mayın 6-da Bakı Apellyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin həbs qətimkan tədbiri qərarının dəyişdirilməsi ilə bağlı vəkillərinin verdiyi vəsatət təmin etməyib və növbəti iclas mayın 20-nə təyin edilib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.

O, "dələduzluq" və "saxta sənəd hazırlama və istifadə etmə" maddələri ilə ittiham olunub.

Cinayət işində onun Almaniyaya getmək istəyən bir şəxsdən digər şəxs vasitəsilə pul aldığı iddia olunub.

İttihamları qəbul etməyən Tofiq Yaqublu həbsini "siyasi sifariş" hesab edir.

64 yaşlı siyasətçi məhkəmə boyunca təqsirsiz olduğunu sübut etdiyini bildirib, media yazır.

Yaqublu 2020-ci ildə "xuliqanlıq" və digər maddərlə ittiham olunaraq 4 il 3 ay müddətinə həbs edilib. Həmin vaxt məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirdikdən sonra Yaqublu barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəzlənib.

O, 2013-cü ildə isə İsmayıllıda "kütləvi iğtişaşların təşkilində" ittiham olunaraq 5 illik müddətə həbs olunub və sonradan əfv sərəncamı ilə azad edilib.

Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.