Əliyev də Lukaşenko kimi müxalifətçiləri azad edə bilərmi?
Belarus lideri Lukaşenko Amerika Birləşmiş Ştatları ilə danışıqlardan sonra müxalifət liderlərini azad edib. Bəs həbsxanalarında onlarla siyasi məhbus saxlamaqda ittiham olunan Azərbaycan oxşar addımlar ata bilərmi?
Hazırda Azərbaycanda jurnalistlər və siyasi fəallar həbsdədir və hüquq müdafiəçiləri dəfələrlə ciddi beynəlxalq təzyiqə çağırıb.
Beynəlxalq təşkilatlar Azərbaycanın media mühiti regionda ən repressiv mühitlərdən biri kimi qiymətləndirirlər.
Prezident İlham Əliyev və onun hökuməti bu ittihamları rədd edir.
Azərbaycan uzun müddətdir müstəqil mediaya qarşı sərt təzyiqlərə görə tənqid olunur. Amnesty International bildirir ki, hazırda ən azı 29 jurnalist və media işçisi saxta ittihamlarla həbsdədir. Human Rights Watch bunu "uzunmüddətli repressiya nümunəsi" adlandırır və hökumətin xaricdəki tənqidçiləri belə hədəfə aldığını vurğulayır.
ATƏT və Sərhədsiz Reportyorlar təşkilatı Abzas Media və Toplum TV kimi müstəqil media qurumlarına basqınlara görə ciddi narahatlıq ifadə edib. RSF Azərbaycanı Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 167-ci yerdə göstərir və vəziyyəti "amansız repressiya" adlandırır.
Beynəlxalq təzyiqin təsiri isə hər zaman nəticə vermir.
Avropa İttifaqı və Avropa Şurası dəfələrlə islahatlara çağırıb, 2024-cü ildə isə Avropa Şurasının Parlament Assambleyası insan haqları pozuntularına görə Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini dayandırıb.
Lakin Bakı belə qərarlara sərt reaksiya verir, siyasi hesab olunan məhbusların həbs müddətini uzadır və Avropa qurumlarından çıxmaqla hədələyir.
Azərbaycanın bu məsələdə təzyiqlərə məhəl qoymamasının səbəbini təhlilçilər, Azərbaycanın strateji əhəmiyyətilə izah edirlər.
Belarusdan fərqli olaraq, Azərbaycan Avropaya qaz tədarükündə əsas rol oynayır və bu, Bakıya ciddi üstünlük verir. Türkiyə və digər regional tərəfdaşlarla güclü əlaqələr də Qərbin təsirini zəiflədən amil kimi görünür.
Bu arada, Azərbaycanda Amnistiya qərarı gözlənilir və siyasi məhbus hesab olunan şəxslərin bu siyahıda olub-olmayacağını demək hələ ki, çətindir.



