"Ramiz Mehdiyev işi”- son məlumatlar nədir?
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığı və ona qarşı sürüldüyü iddia olunan ittihamlarla bağlı hələ də rəsmi açıqlama yoxdur.
O, hələ də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının və Elmlər Akademiyasının üzvüdür.
AMEA prezidenti İsa Həbibbəyli deyib ki, Mehdiyevin iddia olunan hərəkətləri onun Akademiyada qalmasına imkan vermir, məsələ müzakirə olunacaq.
Ramiz Mehdiyev və vəkilləri ittihamlara cavab verməyib.
Milli Şura sədri Cəmil Həsənli bildirib ki, axtarış zamanı AXCP sədri Əli Kərimlinin evində Ramiz Mehdiyevə aid olduğu iddia edilən məktub tapılıb. O, bunu qurama adlandırır.
Sözügedən məktub bir ay əvvəl hakimiyyətə yaxın mediada yayılıb və iddia olunub ki, bu, Ramiz Mehdiyevə məxsusdur. Həmin məktubda Ramiz Mehdiyev guya Rusiya hakimiyyətindən Azərbaycanda hakimiyyət dəyişikliyi üçün yardım istəyir.
Ramiz Mehdiyevin özünün bu məktuba münasibəti bəlli deyil.
Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim noyabrın 29-da həbs olunub, amma Dövlət Təhlükəsizliyi Xidməti rəsmi açıqlama verməyib.
Hakimiyyətə yaxın mediada Gültəkin Hacıbəylini də Ramiz Mehdiyevlə işbirliyində olduğu iddiaları yer alıb.
O, ittihamı rədd edir. Türkiyədə olan Gültəkin Hacıbəyli dekabrın 15-də yazıb ki, ona deport olunacağı ilə bağlı qərar təqdim edilib. Keçmiş millət vəkili hesab edir ki, o, deport ediləcəyi təqdirdə həbs olunacaq.



