Bakı ilə Moskva arasında narazılıq necə bitəcək?

    • Müəllif, Qriqor Atanesyan
    • Vəzifə, BBC Rusca xidməti

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Yekaterinburqda iki azərbaycanlının ölümü, ekspertlərin fikrincə, Moskva ilə Bakı arasında münasibətlərdə görünməmiş böhrana səbəb olub, lakin bu böhranın səbəbləri bütün son illər ərzində yığılıb.

Azərbaycan keçmiş metropoliya ilə münasibətlərin xarakterini dəyişmək, Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq və "yaxın xarici" ölkədən bərabərhüquqlu tərəfdaşa çevrilmək istəyirdi.

BBC bu böhranın Azərbaycanla Rusiya arasında əlaqələrin tamamilə kəsilməsinə səbəb olub-olmayacağı və bunun regionun digər ölkələrinə necə təsir edəcəyini ekspertlərdən soruşub.

Bakı nə vaxta qədər Kremllə dalaşacaq?

Rusiya Baş naziri müavininin səfərinin ləğvi, Rusiya hüquq-mühafizə qüvvələrinin işgəncədə və qətldə ittiham etmək, Bakıda saxlanılan rusiyalıların döyülməsinin iddia edildiyi fotoların yayılması, Rusiya xəbər agentliyinin ofisində əməliyyat və dövlət mediasında Rusiyanın nasist Almaniyası ilə müqayisə edilməsi bir həftə əvvəl Yekaterinburqda Səfərov qardaşlarının ölümündən sonra Azərbaycanın atdığı addımların bir hissəsidir.

Görünür, bu cavab Moskva üçün gözlənilməz olub.

Kremldə bunu demarş adlandırıblar, Rusiya Xarici İşlər Nazirliyi və televiziyadakı əsas təbliğatçıların tonu formal müttəfiqin (Rusiya ilə Azərbaycan arasında münasibətlərin indiki statusu belə səciyyələndirilir) hərəkətləri ilə bağlı anlaşılmazlıq və pərtlik ifadə edirdi.

Moskva ilə Bakı arasında münasibətlər "strateji müttəfiqlik xarakteri daşıyır və təbii ki, bunu bəyənməyən qüvvələr var", - XİN nümayəndəsi Mariya Zaxarova xatırladıb. "Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir", - Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Əvvəllər heç vaxt bu cür epizodlar iki ölkə arasında münasibətlərə belə təsir etməmişdi.

2021-ci ildə Novosibirskdə həbs zamanı bir azərbaycanlı, 2020 və 2023-cü illərdə isə Azərbaycan qoşunlarının əməliyyatları nəticəsində rus əsgərləri həlak olmuşdu.

Lakin Yekaterinburqda baş verənlər böhranın səbəbi deyil, sadəcə, ötən ilin dekabrında Azərbaycan Hava Yolları təyyarəsi qəzaya uğradıqdan sonra yığılıb qalan həll olunmamış fikir ayrılıqlarının əlamətləridir, Berlindəki Rusiya və Avrasiya Araşdırmaları Karnegi Mərkəzinin əməkdaşı Zaur Şiriyev deyir.

Həmin vaxt, iddia olunduğuna görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri səhvən Azərbaycanın sərnişin təyyarəsini vurub, 38 nəfər həlak olmuşdu.

Vladimir Putin üzr istəyib, lakin bu, kifayət etməyib - Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan məsuliyyətini etiraf etmək və ətraflı araşdırma aparmağı tələb edib.

İyulun 1-də hökumətyönlü Azərbaycan KİV-i 2024-cü ilin dekabrında Rusiya raketinin Azərbaycan təyyarəsini vurduğu anın göstərildiyi iddia edilən səs yazısını dərc edib.

Məqaləyə atəş əmri verən hava hücumundan müdafiə zabitinin izahat məktubu da əlavə edilmişdi. BBC səs yazısının və məktubun həqiqiliyini təsdiq edə bilmir.

Bütün bunlar Bakının hələ də Moskvanın bu faciəyə reaksiyasından narazı qaldığından xəbər verir.

"Vəziyyət rus martyoşka kuklasına bənzəyir, lakin əksinə: hər yeni insident ikitərəfli münasibətlərdə daha dərin və mürəkkəb ziddiyyətlər aşkar edir", - Zaur Şiriyev deyir.

Bu ziddiyyətlər arasında əsas olanı Kremlin postsovet məkanında əsas oyunçu qalmaq istəyidir ki, bu da Bakının, Cənubi Qafqazda ən böyük iqtisadiyyata və ən güclü orduya malik regional dövlət kimi, ambisiyalarına ziddir.

Rusiyanın Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov yazır ki, son illərdə əldə edilən hərbi və diplomatik uğurlar Azərbaycanı "əhəmiyyətli regional quruma" çevirib.

Bu uğurlara 2020-ci ildə Ermənistana qarşı müharibədə qalib gəlmək, 2023-cü ildə Dağlıq Qarabağın geri alınması, Qərb və İranla münasibətlərin yaxşılaşdırılması, Türkiyə və İsraillə hərbi əməkdaşlığın artırılması daxildir ki, bu da son nəticədə Azərbaycan ordusuna Ermənistan ordusu üzərində qəti üstünlük qazandırıb.

"Təəssüf ki, bu proses müəyyən "uğurdan baş gicəllənməsi" ilə müşayiət olunur. Bu halda qorxulu işə girişmək və Rusiya ilə münasibətləri pozmağa gərək varmı? Ritorik sualdır", - rusiyalı mütəxəssis əlavə edir.

Lakin, görünür, Bakı Moskvanın belə sərt reaksiya verəcəyini gözləyib.

Burda Rusiyanın hərəkətləri sayəsində qalaqlanmış narazılıq və daha çox müstəqillik və xarici təsirdən azad olmaq istəyi var.

Ukraynadakı müharibəyə görə Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi isə münasibətlərin yenidən nəzərdən keçirilməsinə şərait yaradır.

"Rusiya iyerarxiyaya və özünün "yaxın xarici" dediyinə dair nəzarətə əsaslanan münasibətlərə üstünlük verir. Lakin Bakı tabe olan tərəfdaş rolunda maraqlı deyil", - Şiriyev deyir.

Ticarət tərəfdaşı və ideoloji müttəfiq

Moskvanın da öz nominal müttəfiqindən narazı olmaq üçün səbəbləri var.

Əliyev və Putin Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalından bir neçə gün əvvəl müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıblar. Lakin elə də real müttəfiqə çevrilməyiblər - məsələn, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Kiyevə humanitar yardım göndərir.

Amma sanksiyalar və beynəlxalq təcrid şəraitində Moskvanın tərəfdaşlara ehtiyacı var və Azərbaycan Rusiya üçün Asiya bazarlarına çıxış açan Şimal-Cənub dəhlizində iştirak edir.

"Moskva Azərbaycan kimi ölkələrdən əvvəlkindən daha çox asılıdır və Bakı ehtiyatla bu boşluqdan istifadə edir", - Şiriyev deyir.

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə baş analitiki Joshua Kuchera qeyd edir ki, Putini və Əliyevi ticarətdən başqa, ideoloji mövqelər də birləşdirir.

"Rusiya Azərbaycan üçün faydalı tərəfdaş olaraq qalır, çünki Bakı Moskvanın Qərb hegemonluğunu zəiflətmək istəklərini, xüsusən də insan haqları və demokratiya tələbləri baxımından dəstəkləyir.

Bakı və Moskvada hesab edirlər ki, Avropa İttifaqı və ABŞ-ın irəli sürdüyü bu normalar Qərbin öz maraqlarını inkişaf etdirmək üçün riyakarlıqla istifadə etdiyi alətlərdir", - Kuchera BBC-yə deyib.

Və böhran nə qədər kəskin görünsə də, çətin ki, uzun müddət davam etsin, Joshua Kuchera deyir.

"Bu, - Rusiya, Aİ, ABŞ və ya istər İran kimi əsas tərəfdaşlarla müntəzəm taktiki fikir ayrılıqları - Azərbaycanın xarici siyasətinin əlamətdar xüsusiyyətidir. Lakin bir neçə aydan sonra, adətən, gərginlik səngiyir. Bakı manevr imkanlarını genişləndirmək üçün bu balanslaşdırma strategiyasından yaxşı istifadə edir".

Ukraynadan sonra və Ermənistanla yanaşı

Lakin diplomatik qalmaqal tezliklə həll olunsa belə, Bakının Kremllə münasibətlərinin uzun müddət möhkəm qalacağı ehtimalı yoxdur, Zaur Şiriyev deyir. Onun sözlərinə görə, Azərbaycanda anlayırlar ki, Kreml hazırda qonşu ölkələrin getdikcə artmaqda olan müstəqilliyinə imkan verir, lakin Ukraynada müharibə bitsə və Rusiya öz resurslarını bərpa etsə, onlar öz fikirlərini dəyişə bilərlər.

Bu reallıq Bakını sülh sazişi üzrə danışıqlarda Ermənistanla yaxınlaşdıra bilər, Şiriyev ehtimal edir.

Hazırda bu proses dalana dirənib, çünki Əliyev bir neçə ilkin şərt irəli sürüb ki, onlardan ən əsası konstitusiyanın dəyişdirilməsidir.

Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə bildirib ki, bu şərtləri qəbul etməyə hazırdır, lakin bunu təkbaşına edə bilməz. Konstitusiya dəyişiklikləri referendum tələb edir, bu isə 2026-cı ilin iyunundan əvvəl keçirilə bilməzn və onun nəticəsini proqnozlaşdırmaq mümkün deyil.

Bununla yanaşı, hakimiyyətə yaxın Azərbaycan mənbələri xəbərdarlıq edir ki, Paşinyana həddən artıq təzyiq onun opponentlərini – Azərbaycanla tez barışıq əldə etmək və Qarabağa iddialardan əl çəkmək istəməyən rusiyayönlü qüvvələri gücləndirə bilər.

Bakı 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində məğlubiyyətini Rusiyanın Ermənistana dəstəyi ilə izah edirdi - münaqişənin davam edəcəyi təqdirdə isə Moskvanın yenidən müdaxilə riskini görürlər.

"Bakı ilə Moskvanın münasibətlərindəki son böhran bu fikri gücləndirə bilər ki, sülh sazişinin təxirə salınması yalnız Rusiyanın maraqlarına xidmət edər, yəni onun müdaxiləsi üçün daha geniş imkan yaradar.

Əgər belədirsə, o zaman düşünmək olar ki, nə qədər ki, Paşinyan hakimiyyətdədir, onunla sülhə doğru getmək Moskvanın təsirini zəiflətmək və onun hər iki tərəflə oynamasına mane olmaq üçün ən yaxşı yoldur".

İndi hər iki ölkə oxşar vəziyyətdədir - ilk dəfə deyil ki, rus təbliğatçılarının Paşinyana hücumlarına görə Ermənistanın Moskva ilə münasibəti soyuqlaşır.

Ermənistanın Baş naziri dəfələrlə Rusiyanı tənqid edib, indi də ölkəsini Avropa İttifaqının üzvü kimi görmək istəyir.

Paşinyan Erməni Apostol Kilsəsinin liderləri və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham etdiyi erməni əsilli Rusiya milyardçısı ilə mübarizə aparır.

Onun ən yaxın müttəfiqləri iddia etdikləri bu çevriliş cəhdlərinin arxasında Kremlin dayandığına eyham vururlar, Rusiya hakimiyyətinin dəstəkçiləri isə cavabında Ukrayna rəhbərliyi üçün istifadə etdikləri kəskin ifadələri Paşinyana ünvanlayırlar.

Ermənistan hökuməti Azərbaycan və Türkiyə ilə barışaraq Moskvadan asılılığını azaltmaq istəyir və ümid edir ki, Bakı buna müsbət yanaşacaq.

Ancaq sülh prosesinin nəticəsindən və Moskva ilə inkişaf edən diplomatik mübahisədən asılı olmayaraq, yaxın illərdə Azərbaycanın Rusiya ilə məsafə saxlayacağını gözləmək olar.